Gürcüstan həbsxanalarında qida qalmaqalı

Mar 5, 2026 - 12:24
Mar 5, 2026 - 12:29
 0  40
Gürcüstan həbsxanalarında qida qalmaqalı

Gürcüstanın penitensiar sistemində məbusların qidalanması ilə bağlı illərdir gizlədilən hesabatlar ictimaiyyətə açıqlanıb.

Xeber.ge xəbər verir ki, Azadlıq Radiosu məhkəmə yolu ilə əldə etdiyi 2019-2025-ci illəri əhatə edən rəsmi sənədlərdə həbsxanalarda qidanın keyfiyyətinin dözülməz həddə olduğunu ifşa edib.

Penitensiar xidmətin dörd il boyunca gizlətdiyi sənədlərə görə, məbuslara verilən xaçapurilərdən böcəklər, paştetlərdən qurdlar, sosislərdən isə kif tapılıb. Məlum olub ki, 2019-cu ildən sistemi qida ilə təmin edən "Ili Group" şirkəti tender şərtlərini sistematik şəkildə pozsa da, hakim "Gürcü Arzusu" partiyası həmin şirkətlə on milyonlarla lari dəyərində müqavilələri yeniləməyə davam edib.

Qldani həbsxanasının keçmiş məbusları Azadlıq Radiosuna verdiyi müsahibələrdə qidaların qəbul edilməz olduğunu təsdiqləyiblər. 2025-ci ilin fevralında azadlığa çıxan 50 yaşlı Temonun sözlərinə görə, vəziyyət acınacaqlı olub: "Toyuq budları təmizlənməmiş gəlirdi, üzərində tükləri qalırdı, hətta bir dəfə çürümüş ət verilmişdi. Yağ dedikləri maddənin nə olduğu bəlli deyildi, onu qızartma üçün belə istifadə etmək mümkün deyildi. Kotletlər isə kəsilmiş ət qalıqlarından və sinirlərdən hazırlanırdı".

Digər keçmiş məbus, 25 yaşlı Giorgi isə qeyd edib ki, sıyıqların (kaşa) içindən mütəmadi olaraq tarakanlar çıxırdı: "Hər qaşığı yoxlayıb yeyirdik ki, həşərat udmayaq. Kotletlər o qədər bərk idi ki, sanki daş çeynəyirdik. Yağ mədəni sıradan çıxaran naməlum bir maddə idi".

Hazırda insan haqları müdafiəçiləri penitensiar xidmətin rəhbərliyindən və tədarükçü şirkətdən rəsmi izahat tələb edirlər.