Gürcüstanda yeni Media Qanunu: İnternet mediasına və sosial platformalara nəzarət genişlənir

Mar 17, 2025 - 16:54
 0  23
Gürcüstanda yeni Media Qanunu: İnternet mediasına və sosial platformalara nəzarət genişlənir

“Gürcü Arzusu” iqtidar partiyasının təşəbbüs etdiyi yeni qanun layihəsinə əsasən, televiziya və radio yayımına dair tənzimləmələr internet mediasına və müxtəlif sosial platformalarda yerləşdirilən informasiyalara da şamil ediləcək.

Bu məqsədlə “Yayım Haqqında” qanuna dəyişikliklər planlaşdırılır.

Layihənin yenilənmiş variantını Gürcüstan parlamentinin Sahəvi İqtisadiyyat və İqtisadi Siyasət Komitəsinin iclasında Hüquq Məsələləri Komitəsinin sədri Arçil Qorduladze təqdim edib.

Qorduladzenin sözlərinə görə, qanun layihəsi çərçivəsində “internet xidməti” anlayışı daha aydın şəkildə tərif ediləcək. Yeni tərifə əsasən, internet xidməti Gürcüstanın dövlət dilində yayımlanan informasiyanın internet domeni, hostinqi, tətbiqləri və ya üçüncü tərəf paylaşım platformaları, o cümlədən sosial şəbəkələr vasitəsilə yerləşdirilməsini əhatə edəcək.

İnternet mediası xidmət təminatçısı isə Gürcüstanın dövlət dilində informasiya yayımlamaq üçün internet domeni və hostinqinə sahib olan və ya ondan istifadə edən yayımçılar və digər şəxslər hesab olunacaq.

Qorduladze bildirib ki, hazırda yayımçılar təkcə televiziya efirindən deyil, öz veb-saytları və sosial media platformalarından da istifadə edirlər. Mövcud qanunvericiliyə görə, televiziya efiri vasitəsilə yayılan yanlış və ya qeyri-dəqiq informasiyaya qarşı hüquqi müdaxilə mümkündür, lakin bu cür tənzimləmə sosial şəbəkələr və veb-saytlar üçün keçərli deyil.

Bu səbəbdən, yeni qanun layihəsinin ilk müzakirəsi zamanı internet mediasının da yayımçılar üçün nəzərdə tutulan etik davranış standartlarına tabe olması barədə razılıq əldə edilib.

"Texnologiyalar inkişaf edir, informasiyanın yayılması üçün yeni üsullar meydana çıxır və bunların hamısı qanunvericiliklə tənzimlənməlidir. Bu dəyişikliklər fərdi şəxslərə yox, özünü media kimi təqdim edən, lakin yayımçı kimi fəaliyyət göstərməyən təşkilatlara aid olacaq. Belə təşkilatlar televiziya vasitəsilə yayımlanmır, lakin veb-saytlar, tətbiqlər və digər strukturlu platformalar üzərindən informasiya yayırlar,” – deyə Qorduladze vurğulayıb.

Parlamentin müvafiq komitəsi “Yayım Haqqında” qanuna dəyişiklikləri ikinci oxunuşda maddə-maddə müzakirə edəcək.

mənbə: interpress