Gürcüstan hökuməti “Vətənə xəyanət” maddəsini bərpa edir

Feb 23, 2025 - 13:59
 0  47
Gürcüstan hökuməti “Vətənə xəyanət” maddəsini bərpa edir

“Təəssüf ki, Gürcüstan siyasətində satqınlar həddən artıq çoxdur və biz onlara konkret qanunvericilik mexanizmləri ilə qarşı çıxmalıyıq, bu çox vacibdir”.

Bu barədə baş nazir İrakli Kobaxidze jurnalistlərə bildirib.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumətin Cinayət Məcəlləsinə “Vətənə xəyanət” maddəsinin əlavə edilməsinə dair qərarını izah edib.

Onun sözlərinə görə, 2008-ci ildə Gürcüstan parlamenti, müharibədən bir ay sonra, “Vətənə xəyanət”lə bağlı maddəni qanunvericilikdən çıxarıb. O, bunun “2008-ci il müharibəsi ilə birbaşa bağlı olduğunu” qeyd edib.

“Təəssüf ki, Gürcüstan siyasətində çoxlu xəyanətkar var və biz onlara qarşı konkret qanunvericilik mexanizmləri tətbiq etməliyik. Bu, son dərəcə vacibdir”, – deyə Baş nazir vurğulayıb.

Hökumət başçısının sözlərinə görə, bu dəyişiklik “milli təhlükəsizliyin qorunmasına və dövlətə qarşı cinayətlərin qarşısının alınmasına xidmət edəcək”.

Hökumət mətbuata da nəzarəti gücləndirir

Baş nazir həmçinin parlamentdə milli təhlükəsizliyi gücləndirmək məqsədilə irəli sürülən digər qanun layihələri, o cümlədən media ilə bağlı tənzimləmələr haqqında da danışıb.

“Bu, əslində, “dərin dövlət”ə (deep state) qarşı yönəlmiş bir qanun paketidir. Bizim ölkəmizin təhlükəsizliyini qorumaq üçün qanunvericilik tədbirləri görməyimiz lazımdır. Məhz bu məqsədlə “Şəffaflıq haqqında” qanun layihəsi və digər təşəbbüslər parlamentə təqdim edilib”, – deyə Kobaxidze bildirib.

Xatırladaq ki, hakim “Gürcü Arzusu” partiyası Cinayət Məcəlləsinə “Vətənə xəyanət” maddəsinin əlavə edilməsini təşəbbüs irəli sürüb. Parlament çoxluğunun lideri Mamuka Mdinaradzenin sözlərinə görə, bu maddə vaxtilə “Vahid Milli Hərəkat” hökuməti tərəfindən qanunvericilikdən çıxarılıb.

Bu təşəbbüs siyasi və ictimai dairələrdə ciddi müzakirələrə səbəb olub.

mənbə: interpress