Gürcüstanda məktəbə hücum planı

Oct 24, 2026 - 21:38
 0  31
Gürcüstanda məktəbə hücum planı

Gürcüstan Prokurorluğu qrup halında iğtişaşların təşkili və bu hərəkətlərdə iştirak etməyə hazırlıq faktı ilə bağlı iki yetkinlik yaşına çatmayan şəxsə ittiham irəli sürüb.

XEBER.GE xeber  verir ki, qurumun məlumatına görə, Daxili İşlər Nazirliyinin apardığı istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər 2026-cı ilin aprel-may aylarında sosial şəbəkə vasitəsilə tanış olub və məktəbə hücum, iğtişaş və zorakılıq təşkil etmək, eləcə də bu hərəkətlərdə iştirak etmək qərarına gəliblər.

Daxili İşlər Nazirliyinin məlumatına əsasən, onlar Tbilisidə yerləşən konkret bir məktəbi seçib, binanın daxili quruluşunu öyrəniblər. Məktəbin qarşısında saxta partlayıcı qurğu yerləşdirməyi planlaşdırıblar. Bununla diqqət çəkmədən məktəbə daxil olmağı, binanın daxilində iğtişaş törətməyi və silahdan istifadə edərək orada olan şəxslərə xəsarət yetirməyi nəzərdə tutublar.

Qurumun bildirdiyinə görə, bu məqsədlə onlar müxtəlif əşyalar əldə edib və cinayəti törətmək üçün lazımi şərait yaradıblar. Lakin hüquq-mühafizə orqanlarının əməkdaşları onların planını aşkar etdikləri üçün niyyətlərini həyata keçirə bilməyiblər.

Saxlanılanlara Gürcüstan Cinayət Məcəlləsinin 18-225-ci maddəsinin birinci və ikinci hissələri ilə ittiham irəli sürülüb. Həmin maddələr zorakılıq, iğtişaş, başqasının əmlakının zədələnməsi və ya məhv edilməsi, eləcə də silahdan istifadə ilə nəticələnə biləcək qrup hərəkətlərinin təşkili və iştirakına hazırlığı nəzərdə tutur. Bu cinayətə görə 6 ildən 9 ilədək azadlıqdan məhrumetmə cəzası müəyyən edilib.

Yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxslərdən biri barəsində həbs qətimkan tədbiri seçilib. Digər təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi üçün prokurorluq qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət edəcək.

İş üzrə istintaq davam edir.