Marneulidə kənd sakinindən 1 500 lari tələb edən iki nəfər saxlanılıb

Oct 25, 2026 - 15:29
 0  9
Marneulidə kənd sakinindən 1 500 lari tələb edən iki nəfər saxlanılıb

Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, Kvemo Kartli Polis Departamentinin Marneuli Rayon İdarəsinin əməkdaşları qrup halında törədilmiş hədə-qorxu ilə pul tələb etmə ittihamı ilə iki nəfəri saxlayıblar. Onlardan biri əvvəllər müxtəlif cinayətlərə görə məhkum olunub və hazırda şərti cəza altındadır.

XEBER.GE xeber  verir ki, Nazirliyin məlumatına görə, istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər kənd sakinlərindən birinə bank hesabı açdırıb və internet bankçılığından istifadə üçün lazım olan məlumatları ələ keçiriblər.

Onlar kişini hesabına pul köçürüləcəyinə və həmin məbləğin müəyyən hissəsinin ona veriləcəyinə inandırıblar. Daha sonra təqsirləndirilən şəxslər kişiyə bank hesabının guya ləğv edildiyini bildirərək ondan 1 500 lari tələb ediblər. Pul ödəməyəcəyi təqdirdə onu öldürməklə hədələyiblər.

Hüquq-mühafizə orqanlarının əməkdaşları kompleks əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində hər iki şəxsi saxlayıblar.