Məktəblilərin zorakılıq planı işi: vəkil ittihamı absurd adlandırıb
Yetkinlik yaşına çatmayanların zorakılığa hazırlaşması ilə bağlı iş üzrə saxlanılan yeniyetmələrdən birinin vəkili bildirib ki, onun müdafiə etdiyi şəxs ittihamı qəbul etmir.
XEBER.GE xeber verir ki, vəkil “TVPirveli”yə açıqlamasında ittihamın absurd olduğunu iddia edib. Onun sözlərinə görə, yaşayış evində aparılan axtarış zamanı götürülən əşyalar sadəcə suvenirlərdir və belə əşyalar istənilən evdə ola bilər. Odlu silah məsələsinə gəlincə, müdafiəçi axtarış zamanı yalnız oyuncaq silahın götürüldüyünü bildirib.
Vəkil məhkəmə iclasında müdafiə etdiyi şəxsin girov müqabilində azadlığa buraxılmasını tələb etməyi planlaşdırır.
“İttihamı qəbul etmirik və təsdiqləmirik. Guya odlu silah və digər əşyaların götürüldüyü barədə yayılan məlumatlar həqiqəti əks etdirmir. Axtarış zamanı istənilən evdə ola biləcək əşyalar, suvenirlər götürülüb”, – deyə vəkil Gia Darçia bildirib.
“TVPirveli”yə məlum olub ki, yeniyetmələrdən biri qonaq getdiyi Rustavidəki nənəsinin evində saxlanılıb.
Tbilisidə qrup halında zorakılığın təşkilinə hazırlıq ittihamı ilə 14 yaşlı məktəblilər saxlanılıb. Bu məlumatı Daxili İşlər Nazirliyi təsdiqləyib.
Yayılan məlumatlara görə, müxtəlif məktəblərdə təhsil alan yeniyetmələr azyaşlılara qarşı zorakılıq planlaşdırıb və ehtimal olunan cinayətə “Telegram” və “TikTok” vasitəsilə hazırlaşıblar.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 18-225-ci maddəsi ilə istintaq aparılır. Həmin maddə qrup halında zorakılığın təşkilinə hazırlığı nəzərdə tutur.