27 yaşlı idmançının döyülməsi faktı üzrə prokurorluq bir nəfərə ittiham irəli sürüb

Gürcüstan Prokurorluğu 27 yaşlı Beka Onianiyə hücum və sağlamlığa qəsdən ağır xəsarət yetirmə faktı üzrə bir nəfərə qarşı ittiham irəli sürüb.
Prokurorluğun yaydığı məlumatda bildirilir ki, Daxili İşlər Nazirliyinin apardığı istintaqla müəyyən olunub:
16 may tarixində Tbilisidə, Yeni İdman Sarayının yaxınlığında, təqsirləndirilən şəxs Beka Onianini dəfələrlə vurub, nəticədə Oniani yerə yıxılıb və baş nahiyəsindən həyat
üçün təhlükəli xəsarət alıb.
Hüquq-mühafizə orqanları təqsirləndirilən şəxsi 18 may tarixində saxlayıblar.
Ona qarşı Gürcüstan Cinayət Məcəlləsinin 117-ci maddəsinin birinci bəndi (qəsdən sağlamlığa ağır zərər vurma) ilə ittiham irəli sürülüb. Bu maddə 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Prokurorluq məhkəməyə təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatət təqdim edəcək.
Beka Onianiyə hücum barədə ilk məlumatı “Formula” televiziya kanalı yayıb. Ailəsinin verdiyi məlumata görə, ona təcili cərrahiyyə əməliyyatı aparılıb.
Media zərərçəkənin anası Nino Şermadini sitat gətirərək bildirib ki, münaqişə zaldaxili futbol (futsal) oyununda digər oyunçular arasında başlayıb.
“Oğlum ‘Dinamo’ futsal komandasının oyunçusudur, dünən TSU komandası ilə oyunları var idi”, – deyə ana bildirib.
Onun sözlərinə görə, 16 may axşamı sözlü insident tezliklə başa çatıb, lakin oyundan sonra Beka Oniani avtodayanacaqda rəqib komandanın üzvü ilə qarşılaşıb və həmin şəxs ehtimal ki, küt alətlə onun başına zərbə endirib.
“Bildiyim qədər, kamerada görünür ki, həmin şəxs yaxınlaşır və yumruqla vurur... Travma elə ciddidir ki, sadəcə yumruqla bu qədər zədə vermək mümkün olmazdı”, – deyə ana bildirib.
mənbə: marneulifm