"Son zəng" faciəsi: Məktəblilərin olduğu avtomobil yüksəklikdən aşdı – Yaralılar var

May 19, 2026 - 16:19
 0  135
"Son zəng" faciəsi: Məktəblilərin olduğu avtomobil yüksəklikdən aşdı – Yaralılar var

Gürcüstanın Kaxeti regionunda məktəblilərin "Son zəng" günü qorxulu və ağır yol-nəqliyyat hadisəsi baş verib.

Xeber.ge "Ambebi.ge" nəşrinə istinadən verdiyi məlumatına görə, hadisə nəticəsində yuxarı sinif şagirdlərinin olduğu minik avtomobili bir neçə metr hündürlükdən dərəyə aşıb.

 Avtoqəza Vazisubani kənd dövlət məktəbinin məzunları ənənəvi "Son zəng" bayramı tədbirlərindən sonra avtomobillə regional mərkəz — Telavi şəhəri istiqamətində hərəkətdə olarkən qeydə alınıb.

İlkin məlumatlara görə, yüksək sürətlə idarə olunan nəqliyyat vasitəsinin sürücüsü qəfildən idarəetməni itirib. Nəticədə avtomobil əvvəlcə yol kənarındakı işıq dirəyinə çırpılıb, daha sonra isə zərbənin gücündən bir neçə metr hündürlükdəki yoldan aşağı yuvarlanıb.

 Hadisə yerinə dərhal Gürcüstan DİN-in Fövqəladə Halların İdarə Edilməsi Xidmətinin xilasetmə briqadaları və təcili tibbi yardım maşınları cəlb olunub. Hazırda ərazidə xəsarət alanların avtomobildən çıxarılması və onlara ilk tibbi yardımın göstərilməsi istiqamətində intensiv işlər aparılır. Yaralılar Telavidəki mərkəzi klinikalara daşınır.

Faktla bağlı araşdırmalara başlanılıb, qəzanın dəqiq səbəbləri və yaralıların sayı dəqiqləşdirilir.