22 yaşlı gənc aşırı dozadan dünyasını dəyişib – Onlayn narkobiznes şəbəkəsi gündəmdədir
Tbilisidə daha bir gənc oğlanın ehtimal olunan narkotik maddə dozası aşırımı nəticəsində həyatını itirdiyi bildirilir.
Xeber.ge xeber verir ki, 22 yaşlı David Bliadze dostları tərəfindən yaşadığı mənzildə huşsuz vəziyyətdə tapılıb.
Hadisə yerinə dərhal təcili tibbi yardım və polis briqadaları cəlb olunsa da, həkimlərin səylərinə baxmayaraq gəncin həyatını xilas etmək mümkün olmayıb.
İlkin versiya olaraq ölümə narkotik maddənin aşırı dozada qəbul edilməsinin səbəb olduğu araşdırılır.
Baş vermiş faciədən sonra mərhumun ailəsi mediaya açıq danışmaq qərarına gəlib. Gəncin babasının mətbuata verdiyi açıqlamaya görə,
David Bliadze ölümünə səbəb olan maddəni böyük ehtimalla "Telegram" messencerində fəaliyyət göstərən qanunsuz kanalların biri vasitəsilə sifariş edib.
Ailə üzvlərinin iddiasına görə, istintaq orqanları artıq ətrafdakı müşahidə kameralarının görüntülərini əldə ediblər.
Həmin kadrlarda gəncin Tbilisinin "Varketili" metro stansiyasının yaxınlığındakı ərazidə xüsusi olaraq gizlədilmiş yerdən (onlayn narkobiznesdə "zakladka" kimi tanınan gizli nöqtə) bağlamanı götürdüyü əks olunub.
Yaxınlarının sözlərinə görə, gənc həmin maddəni qəbul etdikdən qısa müddət sonra dünyasını dəyişib.
"Tv Pirveli" telekanalının araşdırmasına istinadən xəbər verilir ki, bu hadisə ölkədə tək fərdi faciə deyil və Gürcüstanda "onlayn narkobiznesin" miqyası getdikcə genişlənir.
"Telegram" kanalları vasitəsilə işləyən bu qanunsuz şəbəkələr barədə əvvəllər bu sistemin içində olmuş şəxslər də danışıb.
Jurnalistlər bir neçə ay ərzində kuryer ("kuryer-zakladçik") kimi fəaliyyət göstərmiş bir gənclə telefon müsahibəsi qeydə alıblar.
Həmin şəxs bildirib ki, ilkin olaraq adi bağlamalar daşıdığını zənn etsə də, sonradan gizli şəkildə narkotik maddələrin paylanması və gizlədilməsi işinə alət edildiyini anlayıb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar davam etdirilir, gəncin ölümünə səbəb olan maddənin tərkibini müəyyən etmək üçün ekspertiza təyin olunub.