Tbilisidə gənc oğlanı küçənin ortasında güllələyib qaçdılar
Tbilisidə bir neçə saat əvvəl, gecə saatlarında odlu silahın tətbiqi ilə müşayiət olunan növbəti silahlı insident baş verib. "TV Pirveli" kanalının yaydığı məlumata görə, hadisə paytaxtın Daisi küçəsində qeydə alınıb.
XEBER.GE xəbər verir ki, əldə olunan ilkin məlumatlara əsasən, Giorgi Mçedlişvili adlı gənc oğlan küçədə naməlum şəxslər tərəfindən bir neçə dəfə atəşə tutulub.
Cinayəti törədən şəxslər hadisə yerindən dərhal qaçaraq gizləniblər. Hazırda polisin qaçan silahlıları ölkə miqyasında axtardığı bildirilir.
Güllə xəsarətləri alan gənc dərhal xəstəxanaya çatdırılıb. Həkimlərin verdiyi məlumata görə, onun həyatı üçün hər hansı bir təhlükə yoxdur.
Hadisə şahidi olan yerli sakinlərin dediyinə görə, ərazidə güclü polis səfərbərliyi yaradılıb:
"Bir oğlanın vurulduğunu elə polislərin özündən eşitdik. Hüquq-mühafizə orqanlarının əməkdaşları saatlarla burda idilər, səhərdən bəri hər tərəfi mühasirəyə alıb küçəni tamamilə bağlamışdılar".
Daisi küçəsində kriminalistlərin və istintaq qrupunun araşdırmaları bir neçə saat davam edib. Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 118-ci (Qəsdən sağlamlığa az ağır zərər vurma) və 236-cı (Odlu silah və döyüş sursatının qanunsuz əldə edilməsi, saxlanılması, gəzdirilməsi) maddələri ilə istintaq aparılır.