Brüssel saxta narrativlər əvəzinə real problemlərə diqqət yetirməlidir

Feb 23, 2025 - 14:03
 0  11
Brüssel saxta narrativlər əvəzinə real problemlərə diqqət yetirməlidir

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Avropa İttifaqının Gürcüstanla bağlı “saxta narrativlər” üzərində müzakirə aparmasını tənqid edərək, Brüsselin daha vacib problemlərə diqqət yetirməli olduğunu bildirib.

Bu barədə Şalva Papuaşvili jurnalistlərə açıqlamasında bildirib.

Papuaşvili qeyd edib ki, milli maraqlar hər şeydən üstün olmalıdır, çünki “söhbət konkret addımlardan gedəndə, bəzi tərəfdaşların sosial şəbəkələrdə yazdıqlarından başqa heç nəyi olmadığı ortaya çıxır”.

O, Ukraynada baş verən hadisələrə toxunaraq, Qərb dövlətlərinin əvvəlcə Kiyevi dəstəklədiyini, lakin indi geri çəkildiyini bildirib:

“Biz Ukraynada nələrin baş verdiyini görürük. Hökumətlərin necə zəif olduğunu müşahidə edirik – onlar Ukraynanı dəstəklədiklərini deyirdilər, lakin indi necə sona qədər yanında durduqlarını açıq şəkildə gördük! Ona görə də istəyirəm ki, Gürcüstan və gürcü xalqına qarşı saxta narrativlər yaymaq və demokratiyanın iradəsini rədd etmək əvəzinə, əslində öz problemlərinə diqqət yetirsinlər. Avropa İttifaqının bütün paytaxtları Ukrayna xalqı qarşısında borcludur. Bu borc ödənilməlidir, yoxsa indi olduğu kimi gizlənib başqa məsələləri müzakirə edəcəklər”.-Papuaşvili deyib.

Papuaşvili həmçinin vurğulayıb ki, Aİ paytaxtları Ukrayna ilə sülh danışıqlarında fəal rol oynaya bilməyib:

“Məlum oldu ki, onların ən yaxşı bacardığı iş başqalarını qarşıdurmaya təhrik etmək imiş. Amma konkret addım atmaq lazım gələndə, onların arxanı möhkəmləndirmək gücü yoxdur. Eyni qüvvələr bizi də Rusiya ilə eskalasiyaya getməyə çağırırdılar – bunu qapalı görüşlərdə edirdilər və sonra bu çağırışlar Avropa Parlamentinin qətnamələrində əks olunurdu. Əgər biz bu çağırışlara uysaydıq, nə əldə edəcəkdik? Xarici siyasət idarələrinin yüksək vəzifəli şəxslərinin “Twitter”də yaydığı bəyanatlar?”.-o qeyd edib.

Papuaşvili vurğulayıb ki, Gürcüstan həmişə tərəfdaşlarına məsuliyyətli olmağı tövsiyə edib, lakin indi həmin şəxslərin ya vəzifədə olmadığını, ya da hadisələri təhlükəsiz yerlərdən izlədiyini qeyd edib.

“Məlum oldu ki, onların bacardığı yeganə şey sosial şəbəkələrdə dəstək ifadə etməkdir. Hesab edirəm ki, bu, Gürcüstan cəmiyyətinin hər bir üzvünü düşündürməlidir – heç bir maraq, heç bir şirin söz və ya xahiş milli maraqlardan üstün olmamalıdır. Çünki gün gələcək, həmin tərəfdaşlardan real kömək lazım olacaq və məlum olacaq ki, onların sadəcə sosial şəbəkədə yazdıqları mesajlardan başqa heç nəyi yoxdur. Sən demə, bütün bu dəstək, alqışlar və qırmızı xalılar bir növ borc imiş – və bu borcu indi müharibədən çıxan xalqlar ödəməli olacaq”.

mənbə: interpress