Aİ Gürcüstan hökumətinə çağırış etdi
Avropa İttifaqı Gürcüstan hökumətini müstəqil vətəndaş cəmiyyəti təşkilatlarının bank hesablarının dondurulması barədə qərarı dərhal ləğv etməyə çağırıb.
Bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş sözçüsü Anita Hipper bəyanat yayıb.
Bəyanatda vurğulanır ki, bu addım fundamental hüquqlara növbəti hücumdur və məhkəmə sistemindən repressiya aləti kimi istifadə olunur:
“Bu, maliyyə boğulması yolu ilə həyata keçirilən siyasi təqib aktıdır. Məqsəd fərqli fikri susdurmaq və cəzalandırmaqdır. Vətəndaş cəmiyyəti təşkilatları dövlətin düşməni deyil, demokratik plüralizmin və hesabatlılığın dayağıdır. Gürcüstanın güclü vətəndaş cəmiyyəti illərdir ölkənin Avropa İttifaqına inteqrasiyasının hərəkətverici qüvvəsidir və öz vətəndaşlarına konkret fayda gətirib. Bu təşkilatlara hədəf yönəltmək fundamental demokratik dəyərlərə ziddir və namizəd ölkədən gözlənilən əsas prinsipləri sarsıdır”.
Anita Hipper əlavə edib ki, Avropa İttifaqı Gürcüstanın möhkəm və cəsarətli vətəndaş cəmiyyətinin yanında dayanır və hökumətin artan təzyiqlərinə baxmayaraq onların fəaliyyətini dəstəkləyir.
mənbə: interpress