“Xəyanət komissiyasının məqsədi 2008-ci il Rusiya təcavüzündə Gürcüstanı günahlandırmaqdır”
 
                                Parlamentin müvəqqəti istintaq komissiyasının hazırladığı “xəyanət hesabatının” əsas məqsədi 2008-ci il Rusiya təcavüzünün qurbanı olmuş Gürcüstanı bu müharibəyə görə günahlandırmaqdır.
Bu barədə Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili sosial şəbəkədə paylaşdığı bəyanatında bildirib.
Saakaşvilinin sözlərinə görə, bu “yeni xüsusi əməliyyatın” daha geniş məqsədi də var – Gürcü xalqının tarixi yaddaşını silmək və “Qızılgül inqilabının” parlaq irsini ləkələmək:
“İvanişvili verdiyi bütün sözləri yerinə yetirir – amma gürcü xalqına yox, 2012-ci ildə ona 2,5 milyard dollar verən və onu hibrid əməliyyatla hakimiyyətə gətirən rusiyalı sahiblərinə. Bu xəyanət komissiyasının hazırladığı, hər sözü yalanla dolu olan hesabat birbaşa Rusiya Federal Təhlükəsizlik Xidməti binasında yazılıb. Məqsəd – Gürcüstanı təcavüzkar kimi təqdim etməkdir.”
Saakaşvili qeyd edib ki, “Qızılgül inqilabı” ilə Gürcüstanın fenomenal uğurları dünyada tanındı və xalqın azadlıq eşqi gücləndi. Amma bu hesabatla həmin illərin mirasını sarsıtmaq, xalqı ruhdan salmaq və tarixi uğurların üstündən xətt çəkmək istəyirlər.
O, komissiyanın tərkibinə və rəhbərliyinə də sərt reaksiya verib:
“Komissiyaya sovet dövrünün edamçısı olan Tea Tsulukiani rəhbərlik edir. Onun atasının edam əməliyyatlarına mən özüm son qoymuşdum, ölüm cəzasını ləğv edən qanunu parlamentdən keçirərək. İndi onlar geriyə – qaranlıq keçmişə qayıdıblar.”
Saakaşvili əlavə edib ki, bu komissiyanın başqa məqsədlərindən biri də onu tamamilə sıradan çıxarmaqdır: “Məni illərlə ləkələdilər, zindana saldılar, orada zəhərlədilər. Amma səsimi boğa bilmədilər. İndi də ruslar, Ukraynada mübarizə aparan liderlərə siqnal vermək üçün mənə hücum edirlər.”
O, xatırladıb ki, 2008-ci ildə ona ölkəni tərk etmək təklif olunurdu, lakin o, qaldı, xalqı və beynəlxalq ictimaiyyəti səfərbər etdi, Gürcüstanın dövlətçiliyini qorudu.
Sonda Saakaşvili belə yazıb:
“Bu gün də sarsılmazıq. Bizə heç nə edə bilməzlər. Vətənimizi düşmənin əlindən almaq və gələcəyimizi qorumaq üçün birliyə və cəsarətli addımlara ehtiyacımız var. Qələbə bizim olacaq. Yaşasın Gürcüstan! Yaşasın azadlıq! Слава Україні!”
Qeyd edək ki, Gürcüstan parlamentində yaradılan müvəqqəti istintaq komissiyası 2003–2012-ci illərdə hakimiyyətdə olmuş siyasi rejimin fəaliyyətini araşdırıb və 430 səhifəlik hesabat layihəsini təqdim edib.
mənbə: interpress
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                                                                                                                                             
                                                                                                                                             
                                                                                                                                             
                                             
                                             
                                             
                                             
                                            