Gürcüstanda marketlərin insafsız ticarət şərtlərinə qadağa qoyulur
Parlamentin payız sessiyasında "Qıda tədarükü zəncirində insafsız ticarət təcrübəsinin qadağan edilməsi haqqında" yeni qanun layihəsi təqdim olunacaq.
XEBER.GE xeber verir ki, yeni qanun layihəsinə əsasən, "alıcılar tədarükçülərə birtərəfli və ədalətsiz şərtlər qoyurlar", bu da ərzaq zəncirinin davamlılığına təhlükə yaradır.
"Qıda tədarükü zəncirində danışıqlar gücü baxımından mühüm disbalans mövcuddur. Alıcılar tədarükçülərə birtərəfli və ədalətsiz şərtlər (ödənişlərin gecikdirilməsi, sifarişlərin son anda ləğv edilməsi, rəflərdə yerləşdirilməsi/marketinq xərclərinin yüklənməsi və s.) tətbiq edirlər ki, bu da ərzaq zəncirinin davamlılığına təhdid törədir", — deyə qərarda bildirilir.
Məlum olur ki, layihəni parlamentə Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi təqdim edəcək.
Distribütorlar Biznes Assosiasiyasının sədri Laşa Rijamadze ümid edir ki, hökumətin yeni qanun layihəsi əvvəlcə bizneslə müzakirə olunacaq və yalnız bundan sonra parlamentə təqdim ediləcək.
"Mövcud reallığımızdan və xarici təcrübədən çıxış edərək qanun səviyyəsində tənzimləyə biləcəyimiz bir sıram ödənişlər var — istər yeni mağazanın açılış haqqı olsun, istərsə də istənilən başqa məsələ, bunlar müzakirə mövzusudur. Qeyd etməliyik ki, bu proses bütün tərəflərin iştirakı ilə həyata keçirilməlidir.
İndiyədək İqtisadiyyat Nazirliyi ilə ünsiyyətimiz var idi, lakin son vaxtlar bu kommunikasiya da kəsildi. Məlum olduğu kimi, bu qanunvericilik layihəsini artıq Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi cari payız sessiyasında təqdim edəcək. Ümid edirəm ki, sənəd biznesə təqdim olunacaq, bizneslə birlikdə işlənib hazırlanacaq və yalnız bundan sonra müvafiq orqana təqdim ediləcək", — deyə Laşa Rijamadze bildirib.