Dövlət Təhlükəsizlik Xidməti video-müraciətə görə “Milli Hərəkat”ın üzvü Zviad Kupravanı saxlayıb
4 oktyabr aksiyasına bir neçə gün qalmış, bu gün – 1 oktyabrda müxalifət partiyası “Milli Hərəkat”-ın üzvü, Tbilisi Şəhər Şurasının (Sakrebulo) deputatı Zviad Kuprava saxlanılıb. Bu barədə Dövlət Təhlükəsizlik Xidmətində keçirilən brifinqdə qurumun rəis müavini Laşa Mağradze məlumat verib.
Brifinqdə bildirilib ki, siyasətçi dünən, 30 sentyabrda “Facebook”da yayımladığı video-müraciətə görə saxlanılıb. Ona hakimiyyətin devrilməsinə çağırış ittihamı irəli sürülür.
“O, videoda vətəndaşları 4 oktyabr seçkilərinin pozulmasına və dövlət hakimiyyətinin devrilməsinə çağırıb.
Çağırışın cinayət xarakterini gizlətmək və məsuliyyətdən yayınmaq üçün seçkiləri ‘Rusiya xüsusi əməliyyatı’, seçki məntəqəsini ‘xüsusi əməliyyat məntəqəsi’, dövlət hakimiyyətini isə ‘İvanişvili’ adlandırıb. Bu isə, təbii ki, Cinayət Məcəlləsində nəzərdə tutulmuş əməlin cinayət xarakterini istisna etmir,” – deyə DTX rəisinin müavini bildirib.
4 oktyabrda Gürcüstanda bələdiyyə seçkiləri keçiriləcək və “Milli Hərəkat” hakimiyyətin “sülh yolu ilə devrilməsini” planlaşdırır. Parlament binası qarşısında aksiya da nəzərdə tutulub.
Xatırladaq ki, bundan əvvəl – 11 sentyabrda hakimiyyətin devrilməsinə çağırış ittihamı ilə “Milli Hərəkat”ın siyasi şurasının sədri Levan Xabeişvili də saxlanılmışdı. Ona da ictimai məkanda səsləndirdiyi “hakimiyyətin sülh yolu ilə devrilməsi” barədə bəyanatlara görə ittiham irəli sürülmüşdü.
mənbə: marneulifm.ge