Saakaşvili: Zurab Adeişvili Ukrayna İnterpolunun rəhbəri təyin edilib

Apr 8, 2026 - 14:48
 0  9
Saakaşvili: Zurab Adeişvili Ukrayna İnterpolunun rəhbəri təyin edilib

Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili "Vahid Milli Hərəkat" hakimiyyəti dövründə yüksək vəzifələr tutmuş şəxslərin Ukraynada yeni mühüm təyinatlar alması barədə məlumat yayıb.

 Xeber.ge xəbər verir ki, Saakaşvili sosial şəbəkə hesabında Gürcüstanın keçmiş baş prokuroru və sabiq ədliyyə naziri Zurab Adeişvilinin Ukrayna İnterpolunun rəhbəri vəzifəsinə təyin olunduğunu bildirib.

Eks-prezident qeyd edib ki, Adeişvili bu təyinata qədər Baş Prokurorluğun tərkibində Rusiyanın Ukrayna ərazisində törətdiyi cinayətlərin sənədləşdirilməsi ilə məşğul olan qrupa rəhbərlik edirdi. Yeni vəzifəsində o, aşağıdakı məsələlərə məsul olacaq:

·         Ukraynada cinayət törətmiş şəxslərin saxlanılması və xaricdən ekstradisiyası;

·         Xaricdə cinayət törətmiş şəxslərin Ukrayna ərazisində axtarışı.

Saakaşvili həmçinin digər silahdaşlarının da mühüm postlara gətirildiyini açıqlayıb:

·         Qoqa Tsxakaia Ukraynanın rəqəmsal transformasiya naziri (Saakaşvili mətndə "müdafiə naziri" kimi qeyd etsə də, Mixail Fyodorov rəqəmsal transformasiya naziridir – red.) Mixail Fyodorovun müşaviri təyin edilib.

·         Saakaşvilinin keçmiş köməkçisi Semen Krivonos isə Ukrayna Milli Anti-Korrusiya Bürosunun (NABU) rəhbəri kimi fəaliyyətini uğurla davam etdirir.

Məlumatın sonunda Mixeil Saakaşvili öz vəziyyətinə də toxunaraq, "Qısası, təkcə mən Rusiya əsirliyində qalıram" deyə vurğulayıb.