Avropa Parlamentinin deputatları Gürcüstanla bağlı bəyanat yayır

Jan 16, 2025 - 22:37
 0  42
Avropa Parlamentinin deputatları Gürcüstanla bağlı bəyanat yayır

Avropa Parlamentinin deputatları birgə bəyanatla çıxış edərək Gürcüstandakı siyasi vəziyyətin kəskin pisləşməsinə dair narahatlıqlarını ifadə ediblər. 

Bəyanatda vurğulanıb ki, Bidzina İvanişvili və İrakli Kobaxidzenin demokratiyanın geriləməsindəki roluna görə sanksiya tətbiq olunması vacibdir.

Belə ki, deputatlar Avropa İttifaqı üzv dövlətlərini və digər müvafiq regional təşkilatları "Gürcü Arzusu"nun qeyri-rəsmi nümayəndələrinin legitimləşdirilməsindən çəkinməyə çağırıblar. Həmçinin, Gürcüstan-Avropa İttifaqı Assosiasiya Şurasının fəaliyyətinin dayandırılması tələbi səsləndirilib.

Bəyanatı imzalayanlar arasında Avropa Parlamentinin Xarici İşlər Komitəsinin sədri Devid Makallister, Euronest Parlament Assambleyasındakı nümayəndə heyətinin sədri Sergey Laqodinski, Cənubi Qafqaz üzrə əlaqələr üçün nümayəndə heyətinin rəhbəri Nils Uşakovs, Gürcüstan üzrə daimi məruzəçi Rasa Yukneviçiene və Gürcüstanın 2024-cü il parlament seçkiləri üzrə müşahidə missiyasının rəhbəri Antonio Lopez-İsturiz White var.

Deputatlar keçmiş baş nazir Giorgi Qaxariyaya Batumidə hücum edilməsi ilə bağlı xəbərlərdən şok olduqlarını bildiriblər. Onlar bunu Gürcü Arzusu və onun müttəfiqlərinin dinc nümayişçilərə və dissidentlərə qarşı zorakılığın bir nümunəsi kimi qiymətləndiriblər.

Bəyanatda qeyd edilib: “50 gündən çoxdur ki, Gürcüstan xalqı demokratik və Avroatlantik gələcəyi üçün dinc nümayişlər keçirir. Gürcüstan illərlə Avroatlantik inteqrasiyanın tərəfdarı olub və bu seçim xalqın geniş dəstəyinə malikdir. Ancaq Gürcü Arzusu bu gələcəyi əlindən alıb və artıq Avropa ilə bağlı maraqlarını açıq şəkildə göstərmir. Biz Gürcüstanın 2024-cü ilin 26 oktyabrında keçirilən parlament seçkilərinin nəticələrini tanımırıq, çünki bu seçkilər demokratik standartlara uyğun olmayıb."

Bəyanatın sonunda Avropa İttifaqına Gürcüstanda ədalətli və şəffaf erkən seçkilərin keçirilməsinə nail olmaq üçün tədbir görmək çağırışı edilir.

mənbə: interpress