DİN-dən irimiqyaslı əməliyyat: Ölkə üzrə 40-a yaxın şəxs saxlanılıb

Feb 6, 2026 - 13:02
Feb 6, 2026 - 13:04
 0  30
DİN-dən irimiqyaslı əməliyyat: Ölkə üzrə 40-a yaxın şəxs saxlanılıb

Gürcüstan Daxili İşlər Nazirliyi ölkə miqyasında cinayətkarlığın qarşısının alınması məqsədilə genişmiqyaslı əməliyyat-axtarış tədbirləri həyata keçirib.

Xeber.ge xəbər verir ki, bu barədə daxili işlər nazirinin müavini Aleksandre Daraxvelidze keçirdiyi brifinqdə bildirib. Nazir müavininin sözlərinə görə, son 2 gün ərzində Tbilisi də daxil olmaqla, ölkənin bütün bölgələrində keçirilən reydlər nəticəsində 31 ədəd qanunsuz odlu silah, çoxlu sayda döyüş sursatı və külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb.

Əməliyyat çərçivəsində ümumilikdə 39 nəfər saxlanılıb.

Polis əməkdaşları məhkəmə qərarları əsasında şübhəli şəxslərin yaşadıqları evlərdə, köməkçi tikililərdə və avtomobillərində axtarışlar aparıblar. Nəticədə müxtəlif növ tapançalar, avtomat silahlar, əl qumbaraları, daraqlar və yüzlərlə patron maddi sübut kimi götürülüb.

Faktlarla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 236-cı (qanunsuz silah gəzdirmə), 260-cı və 273-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddələri ilə istintaq aparılır. Saxlanılan şəxsləri 7 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.