Polşada rusiyalı rəssamın qətlinə görə Gürcüstan vətəndaşı saxlanılıb

Oct 22, 2026 - 21:08
 0  23
Polşada rusiyalı rəssamın qətlinə görə Gürcüstan vətəndaşı saxlanılıb

Polşada Putini tənqid edən rusiyalı rəssam Robert Kuzovkovun (Semyon Skrepetski təxəllüsü ilə tanınır) qətlinə kömək etməkdə şübhəli bilinən 22 yaşlı Gürcüstan vətəndaşı Mahmud A. saxlanılıb. Məhkəmə onun barəsində üç aylıq həbs qətimkan tədbiri seçib.

XEBER.GE xeber  verir ki, Polşanın Daxili Təhlükəsizlik Agentliyinin (ABW) məlumatına görə, iş üzrə ikinci şübhəli olan Mahmud A. oktyabrın 18-də Gürcüstandan Polşaya gəlib. Hüquq-mühafizə orqanlarının əməkdaşları onu ertəsi gün A2 avtomagistralı yaxınlığındakı dayanacaqda saxlayıblar.

İstintaqın versiyasına görə, Mahmud A. qətldə əsas şübhəli olan Elnur A.-ya kömək edib. O, həmçinin odlu silahı və döyüş sursatını qanunsuz saxlamaqda ittiham olunur. Saxlanılan şəxs ittihamları qəbul etmir.

Bundan əlavə, Mahmud A. ilə birlikdə onunla səfər edən daha iki Gürcüstan vətəndaşı da saxlanılıb. Onlar sərhəd xidmətinə təhvil verildikdən sonra barələrində ölkədən deportasiya proseduruna başlanılıb. Həmçinin onların Polşaya 10 il müddətinə yenidən daxil olmalarına qadağa qoyulub.

Semyon Skrepetski təxəllüsü ilə tanınan Kuzovkov iyunun 15-də Polşanın şərqində yerləşən Biala-Podlyaska şəhərində evinin yaxınlığında itini gəzdirərkən qətlə yetirilib.

44 yaşlı rəssam və bloqer Putin və digər rusiyalı siyasi fiqurların karikaturaları ilə tanınıb. O, siyasi təqib təhlükəsindən ehtiyat edərək 2021-ci ildə Rusiyanı tərk edib və mühacirətdə olduğu müddətdə də Kreml əleyhinə əsərlər yaratmağa davam edib.

Qətldə əsas şübhəli olan Gürcüstan vətəndaşı Elnur A. iyunun 18-də saxlanılıb. O, ittihamları rədd edir və hazırda da həbsdə saxlanılır.

Skrepetskinin qətlindən sonra Polşanın Baş naziri Donald Tusk siyasi qətl ehtimalını irəli sürmək üçün əsasların olduğunu bildirib. Onun sözlərinə görə, Rusiyanın bu cinayətdə iştirakı təsdiqlənərsə, bu, “dövlət terrorizmi” hesab olunacaq.