2031-ci ildə artıq hava limanını Vazianiyə köçürə biləcəyik

Jun 27, 2025 - 19:47
 0  32
2031-ci ildə artıq hava limanını Vazianiyə köçürə biləcəyik

Tbilisinin yeni hava limanının inşası təxirə salınıb.

Vaziani hava limanı sərnişinlərə 2028-ci ildən deyil, 2031-ci ildən xidmət göstərəcək. Bu barədə hakim “Gürcü Arzusu” partiyasının hökumət başçısı İrakli Kobaxidzenin parlamentdəki illik hesabatı zamanı məlum olub.

"Hazırlıq işləri artıq başlayıb. Tərəfdaş seçimi proseduruna start verəcəyik və gələn il artıq tərəfdaş şirkətə sahib olacağıq. 2031-ci ildə hava limanını Vazianiyə köçürə biləcəyik," deyə İrakli Kobaxidze illik hesabatında bildirib.

Yeni hava limanının tikilməsi ideyasını "Gürcü Arzusu" hökuməti hələ 2023-cü ildə səsləndirmişdi. Həmin dövrdə baş nazir olan İrakli Ğaribaşvili demişdi ki, beynəlxalq səviyyəli hava limanının tikintisi 2024-cü ildə başlayacaq.

2024-cü ilin aprelindəki açıqlamasında o zamankı iqtisadiyyat naziri Levan Davitaşvili bildirmişdi: “Təxminən 3 il çəkəcək – 2028-ci ilin sonunda artıq müasir və yeni infrastrukturumuz olacaq ki, ilk uçuşlar həyata keçirilsin və bu hava limanı tam gücü ilə işləsin.”

Hazırda Gürcüstanda üç beynəlxalq hava limanı mövcuddur. Onlardan ikisini – Batumi və Tbilisi hava limanlarını – “TAV Urban Georgia” şirkəti idarə edir. Şirkət bu hüququ 2005-ci ildə dövlətlə imzaladığı müqavilə əsasında 2027-ci ilə qədər əldə edib. Həmin müqaviləyə görə, Tbilisi hava limanından 150 kilometrlik radiusda yeni beynəlxalq hava limanı tikilə bilməz. Google Maps məlumatına görə, Tbilisi hava limanından Vazianidəki keçmiş aerodroma olan məsafə təxminən 15 kilometrdir.

İki ildir ki, “Gürcü Arzusu” hökumətinin danışdığı yeni hava limanı Tbilisinin kənarındakı Vazianidə tikiləcək. Həmin ərazidə Gürcüstan Silahlı Qüvvələrinin ən böyük və ən yaxşı təchiz olunmuş çoxprofilli hərbi bazası və NATO-Gürcüstan birgə təlim mərkəzi yerləşir. Bu mərkəz dəfələrlə Rusiya tərəfindən narazılıqla qarşılanıb.

mənbə: marneulifm