1 iyul 2025-dən Gürcüstanda bir sıra yeni qaydalar və dəyişikliklər qüvvəyə minəcək

Jun 28, 2025 - 11:49
 0  191
1 iyul 2025-dən Gürcüstanda bir sıra yeni qaydalar və dəyişikliklər qüvvəyə minəcək

1 iyul 2025-dən Gürcüstanda bir sıra yeni qaydalar və dəyişikliklər qüvvəyə minəcək.

Dəyişikliklər aşağıdakı kimidir:

Gürcüstan-Ermənistan arasında sərnişindaşıma üçün yeni qayda:

1 iyul 2025-dən Gürcüstan və Ermənistan arasında kommersiya məqsədli (turist və ya beynəlxalq qeyri-müntəzəm) sərnişindaşıma həyata keçirən bütün daşıyıcılar sərnişin siyahısını əvvəlcədən doldurmalı olacaqlar. İqtisadiyyat Nazirliyinin məlumatına görə, bu siyahı ECMT beynəlxalq standartına uyğun hazırlanmalı, elektron formada, latın hərfləri ilə tərtib olunmalı və A4 kağızında çap edilərək nəzarət orqanına təqdim edilməlidir. Bu tələb M1, M2 və M3 kateqoriyalı nəqliyyat vasitələrinə (miniven, avtobus və mikroavtobuslar) şamil edilir.

Təbii qaz üçün ağıllı sayğaclar məcburi olur:

1 iyuldan etibarən bələdiyyələrdə verilən müraciət əsasında təbii qaz üçün ağıllı sayğacların quraşdırılması məcburi olacaq. İstəyən şəxs əvvəlcədən ödənişin yarısını, quraşdırmadan sonra isə qalanını 10 gün ərzində ödəməlidir. Bu qayda Tbilisidə 2024-cü ilin oktyabrından qüvvədədir.

Lak-boy məhsullarına yeni tənzimləmə:

1 iyuldan bəzi boya, lak və avtomobil rəngləmə məhsullarındakı uçucu üzvi birləşmələrin tərkibi yoxlanacaq. Nəzarəti Bazar Nəzarəti Agentliyi həyata keçirəcək, Gəlirlər Xidməti isə şübhə yaranarsa idxalı dayandırıb agentliyə məlumat verəcək.

Siqnal silahlarının istehsalı və satışı lisenziyalaşdırılır:

1 iyuldan siqnal silahı və patronlarının istehsalı və satışı lisenziyalaşdırılan fəaliyyət olacaq. Yeni qaydalara görə:

Almaq üçün yaş həddi 18 olacaq.

Siqnal silahının və patronunun istehsalı və satışı üçün lisenziya haqqı 100 lari təşkil edəcək.

Alış icazəsi üçün fiziki şəxslər 6 lari, xarici vətəndaşın Gürcüstandan çıxarılması icazəsi üçün 8 lari ödəyəcək.

Daşıma icazəsi fiziki şəxslər üçün 6, hüquqi şəxslər üçün 12 lari olacaq.

mənbə: interpress