Xaşuridə yaşayış evinə basqın edən şəxslər saxlanılıb: 10 min larilik oğurluq

Feb 22, 2026 - 13:08
 0  4
Xaşuridə yaşayış evinə basqın edən şəxslər saxlanılıb: 10 min larilik oğurluq

Gürcüstan Daxili İşlər Nazirliyinin Şida Kartli Polisi Departamentinin Xaşuri Rayon İdarəsinin əməkdaşları qrup halında oğurluq törətməkdə şübhəli bilinən 2005-ci il təvəllüdlü M.T. və 1997-ci il təvəllüdlü S.B.-ni saxlayıblar.

Xeber.ge xeber  verir ki, istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər Surami qəsəbəsində yerləşən fərdi yaşayış evinə qanunsuz daxil olaraq, oradan təxminən 10 000 lari dəyərində elektrik avadanlıqlarını ələ keçiriblər və hadisə yerindən qaçıblar.

Hüquq-mühafizə orqanlarının keçirdiyi kompleks operativ-axtarış tədbirləri nəticəsində hər iki şəxs şübhəli şəxs qismində yaxalanıb. Polis tərəfindən oğurlanmış avadanlıqlar maddi sübut kimi müsadirə edilib.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 177-ci maddəsinin (oğurluq) müvafiq hissələri ilə istintaq aparılır. Saxlanılan şəxsləri 7 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.