Aİ Gürcüstanda yeni layihələrin həyata keçirilməsinə 38 milyon avro ayıracaq
Avropa İttifaqı (Aİ) 2026-cı ildə Gürcüstanda yeni layihələrin həyata keçirilməsinə 38 milyon avro ayıracaq.
Bu barədə Gürcüstanın "InterPressNews" agentliyi Aİ-nin Tbilisidəki nümayəndəliyinə istinadən məlumat yayıb.
Nümayəndəlikdən bildirilib ki, 1992-ci ildən bəri Avropa İttifaqı Gürcüstanda kənd təsərrüfatının inkişafı, sahibkarlığın dəstəklənməsi və nəqliyyat infrastrukturunun modernləşdirilməsi də daxil olmaqla, müxtəlif layihələrə 2 milyard avrodan çox investisiya yatırıb.
Lakin bəyanata görə, Aİ bundan sonra vəsaitləri dövlət orqanlarını birbaşa maliyyələşdirmədən, yalnız ayrı-ayrı layihələrin həyata keçirilməsinə yönəltmək barədə qərar qəbul edib.
Nümayəndəlikdən qeyd edilib ki, ayrılan vəsaitlər əhalinin dəstəklənməsinə, regionların inkişafına və sosial-iqtisadi təşəbbüslərin həyata keçirilməsinə yönəldiləcək.
"2026-cı ildə Avropa İttifaqı bütün Gürcüstan üzrə ailələrin və yerli icmaların həyatında real müsbət dəyişikliklərə kömək etməyə davam etməklə, yeni layihələrin həyata keçirilməsi üçün 38 milyon avro ayıracaq", - məlumatda bildirilib.
mənbə: report