Tbilisidə ərini qətlə yetirməkdə ittiham olunan qadına həbs qətimkan tədbiri seçilib
Tbilisi Şəhər Məhkəməsi 25 yaşlı Tekla Gersamiyaya qarşı ərinin qətli ittihamı üzrə həbs qətimkan tədbiri seçib.
Hakim Arsen Kalatozişvili bu qərarla prokurorluğun vəsatətini təmin edib.
Müdafiə tərəfi isə məhkəmədən 30 000 lari girov qarşılığında sərbəst buraxılma barədə vəsatət qaldırsa da, o təmin olunmayıb.
Məhkəmə iclasında Tekla Gersamiya özünü təqsirli bilmədiyini açıqlayıb. Nə prosesin əvvəlində, nə də sonunda tərəflər media qarşısında şərh verməyiblər. Məhkəmənin növbəti iclası 16 oktyabr tarixinə təyin olunub.
Xatırladaq ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, avqustun 22-də Tbilisidə qadın ərini soyuq silahla qətlə yetirib.
Məlumata görə, həyatını itirən 22 yaşlı Luka Daraseliya bıçaq xəsarətini ürək nahiyəsindən alıb. O, təcili tibbi yardım maşınında qan itkisindən ölüb.
Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 109-cu maddəsinin “k” bəndi üzrə istintaq aparılır. Bu maddə ailə üzvünün ağırlaşdırıcı şəraitdə qəsdən qətlə yetirilməsini nəzərdə tutur və 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırılır.
mənbə: interpress