Tbilisidə genişmiqyaslı xüsusi əməliyyat

May 30, 2026 - 11:47
 0  9
Tbilisidə genişmiqyaslı xüsusi əməliyyat

Gürcüstanın hüquq-mühafizə orqanları paytaxt Tbilisidə narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan mütəşəkkil şəbəkəyə qarşı irimiqyaslı xüsusi əməliyyat keçirib.

Xeber.ge xəbər verir ki, Daxili İşlər Nazirliyinin müxtəlif regional idarələrinin koordinasiyalı fəaliyyəti nəticəsində ümumilikdə 11 nəfər saxlanılıb.

Əməliyyat Tbilisinin demək olar ki, bütün böyük inzibati rayonlarını əhatə edib.

Belə ki, narko-şəbəkənin ifşasında DİN-in Tbilisi Polis Departamentinin Didube-Çuqureti, İsani-Samqori, Köhnə Tbilisi, Vake-Saburtalo və Qldani-Nadzaladevi baş idarələrinin əməkdaşları birgə iştirak ediblər.

Nazirliyin yaydığı rəsmi bəyanata görə, müxtəlif vaxtlarda keçirilən əməliyyatlar zamanı saxlanılan şəxslər arasında əvvəllər məhkum olunmuş şəxslər, eləcə də xarici ölkə vətəndaşları  var.

 Onlar külli miqdarda və xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanılması, satışı, satışına köməklik göstərilməsi və tərkibində narkotik maddə olan bitkilərin qanunsuz kultifikasiyasında ittiham olunurlar.

Polis əməkdaşları uzunmüddətli əməliyyat-axtarış tədbirləri çərçivəsində hakim qərarı əsasında şübhəlilərdən birinin cinayət başında yaxalanması üçün bir neçə dəfə narkotiklərin yoxlama satınalınmasını həyata keçiriblər.

Bu gizli əməliyyatlar xüsusi audio-video avadanlıqlarla gizli şəkildə lentə alınıb.

Təqsirləndirilən şəxslərin üzərində, yaşadıqları evlərdə, idarə etdikləri avtomobillərdə və onların əvvəlcədən gizlətdiyi (narkotik "zakladka") yerlərdə aparılan axtarışlar zamanı satış üçün qablaşdırılmış xüsusilə külli miqdarda müxtəlif növ ağır narkotiklər tapılaraq maddi sübut kimi götürülüb.

Müsadirə olunan maddələr arasında aşağıdakılar var:

"Metadon", "Alfa-PVP", "Morfin";

"Kodein", qurudulmuş "Marixuana" və "Tetrahidrokannabinol".

Bununla yanaşı, narkotiklərin qablaşdırılması və dozalara bölünməsi üçün istifadə olunan xüsusi tərəzi və materiallar, eləcə də narkotik satışından əldə olunduğu iddia edilən külli miqdarda pul vəsaiti müsadirə edilib.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 260-cı, 260-cı kvarta (satış) və 265-ci (kultivasiya) maddələri ilə rəsmi ittiham irəli sürülüb. Saxlanılan şəxsləri törətdikləri cinayətin ağırlıq dərəcəsinə görə 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir.

Hazırda şəbəkənin digər mümkün üzvlərinin tapılması istiqamətdə istintaq davam edir.