Tetritskaroda silahlı insident
Kvemo Kartli bölgəsində odlu silahın tətbiqi ilə nəticələnən ağır cinayət hadisəsi baş verib.
Xeber.ge xəbər verir ki, Tetritskaro bələdiyyəsində bir nəfərin güllələnməsi ilə nəticələnən qanlı insident qeydə alınıb.
Daxili İşlər Nazirliyinin yaydığı rəsmi məlumata görə, qanlı qarşıdurmaya tərəflər arasında yaranan adi sözlü mübahisə səbəb olub.
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs aralarında yaranmış münaqişə zəminində öz tanışına qarşı odlu silahdan atəş açıb.
Hadisə zamanı dövlət qeydiyyatında olmayan (qanunsuz) silahdan istifadə edilib.
Güllə yarası alan şəxs dərhal təcili tibbi yardım maşını ilə yerli klinkaların birinə çatdırılıb və həkim nəzarətinə götürülüb.
DİN-in Kvemo Kartli Polis Departamentinin Tetritskaro Rayon İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən operativ-istintaq tədbirləri nəticəsində hadisəni törədən şəxs isti izlərlə bələdiyyə ərazisində yaxalanaraq qandallanıb.
Araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxs əvvəllər dəfələrlə məhkum olunmuş (ağır cinayətlərə görə həbs həyatı yaşamış) kriminal keçmişə malik biridir.
Polislər cinayətdə istifadə olunan odlu silahı taparaq maddi sübut kimi müsadirə ediblər.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin iki maddəsi- 117-ci (Sağlamlığa qəsdən ağır zərər vurma) və 236-cı (Odlu silahın qanunsuz olaraq əldə edilməsi və gəzdirilməsi) maddələri ilə rəsmi istintaq aparılır. Çoxsaylı məhkumluğu olan şəxsi bu əməlinə görə 7 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.