Mixeil Saakaşvili Giorgi Vaşadzenin həbsinə münasibət bildirdi

Jun 27, 2025 - 14:30
 0  115
Mixeil Saakaşvili Giorgi Vaşadzenin həbsinə münasibət bildirdi

Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili “Strategia Agmaşenebeli” partiyasının lideri Giorgi Vaşadzenin həbsinə kəskin ifadələrlə reaksiya verib.

Saakaşvili özünün “Facebook” səhifəsində yazıb ki, “ağacdan heç cür düşə bilməyən və özlərini Gürcüstan hökuməti adlandıran makakalar” Giorgi Vaşadzeni zindana salıblar.

Onun sözlərinə görə, “meymun cinsindən olan vəhşilər” bütün mədəni və uğurlu insanlara qarşı aqressivdirlər və Vaşadzeyə də bu səbəbdən qisas alıblar.

“Giorgi yalnız Gürcüstanda bizimlə birlikdə Ədliyyə evlərinin yaradılmasında iştirak etmirdi, həm də Ukraynada mənim gözümün qabağında dövlət xidmətlərinin tam yeni sistemini tətbiq etdi və orada ona böyük hörmət edirlər. Təbii ki, meymun cinsindən olan vəhşilər hər türlü mədəni və uğurlu insandan qisas alırlar. Narahat olmayın, onların meydan sulaması çox çəkməyəcək, hər şey öz yerini tapacaq, əyalət tiranlarının vaxtı bitir!” – deyə Saakaşvili qeyd edib.

Xatırladaq ki, Giorgi Vaşadze Gürcüstan Parlamentinin müvəqqəti istintaq komissiyasının çağırışını yerinə yetirmədiyinə görə məhkəmənin hökmü ilə təqsirli bilinib. Məhkəmənin qərarı ilə o, 7 ay müddətinə azadlıqdan məhrum edilib və 2 il ərzində dövlət vəzifəsi tutma hüququndan məhrum olunub.

Vaşadzedən başqa, “Dzlieri Sakartvelo” hərəkatının liderləri Mamuka Xazaradze və Badri Japaridze də həbs olunublar. Bundan əlavə, “Koalitsia Tsvlilebistvis”in liderlərindən biri Zurab “Girçi” Japaridze 8 ay müddətinə azadlıqdan məhrum edilib. Eyni gün məhkəmə qərarı ilə müxalifətçi siyasətçi Givi Tarqamadzə də həbs olunub – ona da 7 ay həbs və 2 il müddətinə vəzifə tutma qadağası verilib.

mənbə: interpress