Daha bir müxalif siyasətçi saxlanıldı
Gürcüstanda müxalif siyasətçi Givi Tarqamadzə saxlanılıb.
O, Tbilisidəki Vake-Saburtalo Polis İdarəsinə özü gedib, bundan əvvəl isə məhkəmə onun barəsində azadlıqdan məhrumetmə cəzası çıxarmışdı.
Tarqamadzə jurnalistlərə bildirib ki, müvəqqəti istintaq komissiyasına çağırılmamaqla bağlı məhkəmənin hökmü onun üçün gözlənilməz olmayıb: “Qərar var – kiminsə məni aparması lazımdır və qoy aparsınlar”.
Məhkəmə Givi Tarqamadzəni Gürcüstan Parlamentinin müvəqqəti istintaq komissiyasının çağırışının icrasından imtina etməyə görə təqsirli bilib. Məhkəmənin qərarına əsasən, o, 7 ay müddətinə azadlıqdan məhrum edilib və 2 il ərzində dövlət vəzifəsi tutma hüququndan məhrum olunub.
Tarqamadzə məhkəmə iclasında iştirak etməyib və son söz hüququndan istifadə etməyib. O, aprelin 3-də komissiyaya izahat verməyə çağırılmışdı, lakin getməmişdi. Bundan sonra ona qarşı cinayət işi açılmış, məhkəmə isə ilkin mərhələdə ona 10 000 lari məbləğində girov təyin etmişdi ki, bunu da müəyyən edilmiş müddətdə ödəyib.
Qeyd edək ki, Givi Tarqamadzəyə qarşı ittiham Gürcüstan Cinayət Məcəlləsinin 349-cu maddəsi ilə irəli sürülüb. Bu maddə parlamentin müvəqqəti istintaq komissiyasının tələbini yerinə yetirməməyə görə cərimə, bir ilə qədər azadlıqdan məhrumetmə və ya üç ilədək vəzifə tutma hüququnun məhdudlaşdırılmasını nəzərdə tutur.
mənbə: interpress