Məhkəmələrə mobil telefonun aparılması da qadağan oluna bilər
"Gürcü Arzusu" partiyasının sürətlə qəbul etdiyi qanuna və onun əsasında Ədliyyə Ali Şurasının qəbul etdiyi qərara əsasən, məhkəmə binasında fəaliyyət göstərən mandat xidmətinin əməkdaşlarına icazə verilir ki, iclasda iştirak edənlərdən foto-video çəkiliş və ya səs yazısı aparmaq imkanı olan istənilən cihazı müsadirə etsinlər.
Foto və video çəkilişlər qadağan edildikdən sonra, jurnalistlər məhkəmə iclaslarından canlı reportajlar hazırlamaq üçün mobil telefonlardan istifadə edirdilər.
Qərarda deyilir:
“Məhkəmənin mandat xidməti, iclas zalına foto, kino, video çəkiliş, yayım və ya audio yazı funksiyasına malik istənilən texniki vasitənin daxil edilməsinə yol verməmək səlahiyyətinə malikdir.”
17 iyulda qəbul edilmiş qərarda “texniki vasitə” dedikdə konkret olaraq mobil telefonlar və səs-yazma və ya çəkiliş funksiyasına malik, yaxud belə funksiyaya sahib olması ehtimal edilən cihazlar nəzərdə tutulur.
“Azadlıq Radiosu” Ədliyyə Ali Şurasından mövzu ilə bağlı şərh almağa çalışacaq — çünki məhz bu qurumun göstərişlərini mandat xidməti icra edir və onlara mobil telefonların yığılmasını tapşıra bilərlər.
Ümumi məhkəmələrin departamenti artıq xüsusi şkaflar alıb — bu şkaflarda yüzlərlə bölmə var və mobil telefon ölçülü əşyaların saxlanması üçün nəzərdə tutulub. Belə 960 bölməli şkaflar artıq Tbilisi Şəhər Məhkəməsinə gətirilib. Lakin bu şkafların çəkilişini aparmaq parlamentin mübahisəli şəkildə sürətlə qəbul etdiyi qanunla qadağandır.
Son aylarda parlament bir sıra qanunlar qəbul edib ki, bu da Gürcüstanda ifadə azadlığını ciddi şəkildə məhdudlaşdırıb. 28 iyundan qüvvəyə minmiş qanuna əsasən, məhkəmə binasında və həyətində foto-video çəkiliş və audio yazı aparmaq qadağan edilib.
Media qurumlarının məhkəmələrdən məlumat əldə etməsinin yeganə yolu mobil telefonlar və noutbuklardır; onlar vasitəsilə “canlı bloqlar” aparırlar. Əgər məhkəmələrə elektron cihazların gətirilməsi də qadağan edilərsə, ictimaiyyətin əldə etdiyi məlumat daha da azalacaq.
Məhkəmə binasında və həyətində foto-video çəkiliş bir neçə aydır qadağandır, lakin bəzi vətəndaşlar yenə də mandat xidməti əməkdaşlarının zorakılıq hallarını lentə alıb yaymağa nail olurlar.
mənbə: marneulifm