Daha bir müxalifət lideri haqda həbs qərarı verildi
“Koalitsia Cvilebistvis” (Dəyişikliklər Koalisiyası) liderlərindən biri olan Nika Melia Gürcüstan parlamentinin müvəqqəti istintaq komissiyasının tələbini yerinə yetirmədiyinə görə təqsirli bilinib.
Tbilisi Şəhər Məhkəməsinin hakimi Nino Galustaşvilinin qərarı ilə Melia 8 ay müddətinə azadlıqdan məhrum edilib və 2 il müddətinə vəzifə tutma hüququndan məhrum olunub. Bundan əlavə, hökmə 2019-cu ildə təyin edilmiş, lakin icra olunmamış 25 000 lari məbləğində cərimə də əlavə olunub. Həmin 2019-cu il hökmündə o, vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli bilinmişdi.
Qərarın elanına Nika Melia qatılmayıb, çünki o, daha əvvəl hakimi su ilə sıçratdığına görə məhkəmə zalından çıxarılmışdı və ona son söz hüququ verilməmişdi.
Xatırladaq ki, Melia parlamentin müvəqqəti istintaq komissiyasına izahat verməyə çağırılmışdı, lakin o, komissiyaya gəlməkdən imtina edib. Bundan sonra ona qarşı Gürcüstan Cinayət Məcəlləsinin 349-cu maddəsi ilə ittiham irəli sürülüb ki, bu maddə parlamentin istintaq komissiyasının tələbini yerinə yetirməməyə görə məsuliyyət nəzərdə tutur.
Başlanğıcda məhkəmə onun üçün 50 000 lari məbləğində girov müəyyən etmişdi, lakin Melia qanunla müəyyən olunmuş müddətdə bu məbləği ödəmədiyinə görə, girov tədbiri həbs tədbiri ilə əvəz edilmişdi. Məhkəmə qərarından bir gün əvvəl isə o, inzibati qaydada saxlanılmışdı.
Qanuna əsasən, belə bir əməl cərimə və ya bir ilədək həbs cəzası, eləcə də üç ilədək vəzifə və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququnun məhdudlaşdırılması ilə cəzalandırıla bilər.
mənbə: interpress