2028-ci ilə qədər işsizlik 4%-ə enəcək, 200 000 yeni iş yeri yaradılacaq

Jun 27, 2025 - 19:24
 0  9
2028-ci ilə qədər işsizlik 4%-ə enəcək, 200 000 yeni iş yeri yaradılacaq

Hökumətin məqsədi 2028-ci ilə qədər ölkədə işsizlik səviyyəsini maksimum 4%-ə endirmək və bunun üçün əlavə 200 000 yeni iş yeri yaratmaqdır.

Bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze parlamentdə illik hesabatla çıxışında bildirib.

Baş nazir qeyd edib ki, hökumətin indiki iqtisadi inkişaf tempi belə nəticənin əldə olunmasını tam real edir.

“Ekonomik artım əhalinin orta əməkhaqqısına da təsir göstərdi. 2025-ci ilin birinci rübündə orta əməkhaqqı 2 170 lari təşkil etdi. Xatırladım ki, 2012-ci ildə orta maaş cəmi 712.5 lari idi. Demək, bu müddətdə orta maaşı üç dəfə artırmışıq. Bizim 2028-ci il üçün də iddialı hədəfimiz var – orta maaşın 3 500 lariyə çatmasını istəyirik. Mövcud artım tempini nəzərə alaraq, bu tamamilə realdır,” – deyə Kobaxidze vurğulayıb.

Baş nazir, həmçinin, 2024-cü ildə ölkədə yoxsulluq səviyyəsinin 9.4% təşkil etdiyini qeyd edib və 2028-ci ilə qədər bu göstəricinin maksimum 4%-ə endirilməsinin hədəfləndiyini bildirib.

“2024-cü ildə xüsusilə diqqətçəkən nəticə əldə etdik – 90 000 insan yoxsulluqdan qurtuldu. Xatırladım ki, 2012-ci ildə 1 100 000-dən çox insan yoxsulluq səviyyəsinin altında yaşayırdı. O vaxtkı hakimiyyətin nəzarətində olan media isə ölkəni ‘çiçəklənmiş və xoşbəxt’ kimi təqdim edirdi. Biz bu rəqəmi 1 100 000-dən 350 000-ə endirmişik. Təbii ki, bu da yüksək rəqəmdir və bu, bizim üçün milli miqyasda ən vacib çağırışlardan biridir. 350 000 vətəndaşımız hələ də yoxsulluq sərhədindən aşağı yaşayır və biz bu göstərici tamamilə sıfırlanana qədər razı qala bilmərik. Artım tempimiz yaxşıdır və hesab edirik ki, orta müddətli perspektivdə yoxsulluğun tam aradan qaldırılması mümkündür,” – deyə Kobaxidze əlavə edib.

Baş nazir bildirib ki, 2023-cü ildə yoxsulluq 11.8% idi və bu göstərici bir il ərzində 2.4 faiz bəndi azalaraq 9.4%-ə düşüb. O, mövcud artım tempinin saxlanılması ilə 2028-ci ilə qədər yoxsulluğun 4%-ə qədər enməsinin tam əldə edilə biləcəyini vurğulayıb.

mənbə: interpress