Gürcüstan Avropa İttifaqının sammitində iştirakdan imtina etdi

Nov 16, 2026 - 14:55
 0  17
Gürcüstan Avropa İttifaqının sammitində iştirakdan imtina etdi

Gürcüstan hökuməti noyabrın 16-da Brüsseldə keçiriləcək Avropa İttifaqının (Aİ) genişlənmə məsələlərinə dair sammitinə qatılmaqdan imtina edib. Buna səbəb təşkilatçıların ölkədən yalnız Aİ-dəki səfiri tədbirə dəvət etməsi olub.

Bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

"Gürcüstan noyabrın 16-da Brüsseldə baş tutacaq tədbirdə, eləcə də əlaqələndirmə məsələləri üzrə nazirlər sammitində iştirak etmək üçün müvafiq səviyyədə dəvət almayıb. Bu səbəbdən qeyd olunan görüşdə Gürcüstan nümayəndəsi iştirak etməyəcək", - deyə Gürcüstan XİN-in bəyanatında vurğulanıb.

Bununla yanaşı, Gürcüstanın Aİ ilə konstruktiv əməkdaşlığa sadiq qaldığı və lazımi səviyyədə dəvət gələcəyi təqdirdə görüşlərdə iştirak etməyə hazır olduğu qeyd edilib. Nazirlikdən əlavə olunub ki, Brüssel bu mövqedən xəbərdardır. Aİ-nin genişlənmə forumu "Geniş Avropa - güclü Avropa" şüarı altında reallaşacaq.

Xatırladaq ki, rəsmi Tbilisinin Aİ və ABŞ ilə münasibətləri 2024-cü ilin mayında ölkə parlamentinin xarici agentlər haqqında, həmin ilin sonunda isə LGBT təbliğatının qadağan edilməsi barədə qanunları qəbul etməsindən sonra pisləşməyə başlayıb. Bunun ardınca ABŞ və Aİ ölkələri Gürcüstan hakimiyyətinin nümayəndələrinə qarşı sanksiyalar tətbiq etməyə başlayıblar.

 

mənbə: oxu