Adam öldürməyə cəhdlə bağlı 4 nəfər saxlanıldı
Şida Kartli Polis İdarəsinin Gori Rayon Şöbəsinin əməkdaşları həyata keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində 4 nəfəri saxlayıblar.
Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
1982-ci il təvəllüdlü V.A. ağırlaşdırıcı şəraitdə qəsdən adam öldürməyə cəhd və odlu silahın qanunsuz daşınması ittihamı ilə saxlanılıb. 1980-ci il təvəllüdlü A.S. odlu silahın qanunsuz əldə edilməsi, saxlanması və daşınması ittihamı ilə saxlanılıb. Həmçinin, xüsusilə ağır cinayəti gizlətməyə görə keçmişdə məhkum olunmuş və hazırda şərti cəza altında olan 2005-ci il təvəllüdlü N.V. və 2003-cü il təvəllüdlü N.A. saxlanılıb.
Nazirliyin məlumatına əsasən, 8 iyulda Goridə V.A. yaranan mübahisə zəminində N.V.-yə fiziki təhqir edib. Münaqişəni həll etmək məqsədilə N.V. digər şəxslərlə birlikdə V.A.-nın evinə gedib. Orada baş verən yenidən toqquşma zamanı V.A. odlu silahdan bir neçə dəfə atəş açıb və nəticədə 2005-ci il təvəllüdlü R.K. yaralanıb. Hadisədən sonra münaqişənin iştirakçıları hadisə yerindən qaçıblar. Yaralı R.K. ərazini qohumu N.A. ilə birlikdə tərk edib. N.A. da cinayəti gizlətməyə görə saxlanılıb.
Əməliyyat tədbirləri nəticəsində cinayətdə istifadə edilən silah 1980-ci il təvəllüdlü A.S.-dən maddi sübut kimi götürülüb və o da saxlanılıb.
Hazırda hadisə ilə bağlı digər şəxslərin tutulması istiqamətində əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir. Fakt üzrə araşdırma Gürcüstan Cinayət Məcəlləsinin 19-109, 236 və 376-cı maddələri ilə aparılır.
mənbə: interpress