Marneulidə döyülən azyaşlının anası deyir ki, ifadəsini dəyişməyə məcbur olublar

Sep 22, 2025 - 14:20
 0  124
Marneulidə döyülən azyaşlının anası deyir ki, ifadəsini dəyişməyə məcbur olublar

Marneulidə azyaşlıya qarşı zorakılıq hadisəsi ilə bağlı yeni iddialar səslənib.

Zərərçəkmiş yeniyetmənin anasının sözlərinə görə, polis onun ifadəsini hədə-qorxu altında dəyişdirib və məcbur edib ki, yazılı şəkildə heç bir iradı olmadığını təsdiqləsin.

“Döyülən oğlumun saxlanılan şəxsə qarşı heç bir iddiası olmadığı barədə mənə sənəd imzalatdılar. Hüquq-mühafizə orqanlarının əməkdaşları məni ifadəmi dəyişməyə məcbur edərək bələdiyyə məclisinin yüksək vəzifəli məmurunun oğluna qarşı heç bir iddiamızın olmadığı və məhkəmənin onu həbs etməsini istəmədiyimiz barədə notarial sənəd imzalatdılar”, – deyə azyaşlının anası mediaya müsahibəsi zamanı bildirib.

Məlumata görə, Marneuli bələdiyyəsinin yüksək vəzifəlisi Riçard Qiqaninin oğlu 17 yaşlı oğlanı etnik zəmində döyüb. Yeniyetməyə “gürcü dilini bilmədiyi” irad tutulub.

Zərərçəkmiş hazırda ağır psixoloji vəziyyətdədir. Ailəsinin sözlərinə görə, ona qarşı hələ də təzyiqlər davam edir:

“Polis dəfələrlə gələrək oğlumu razı salmağa çalışırdı. Sonuncu dəfə dünən gəldilər və axşam Qiqaninin gətiriləcəyini, üzr istəyəcəyini bildirdilər. Bizə sənədi imzalamasaq, işimizin pis olacağını söylədilər”, – anası açıqlayıb.

Ailə bildirir ki, onlara telefon zəngləri edilərək təzyiq göstərilməkdə davam olunur. Müxalifət və hüquq müdafiəçilərinin iddiasına görə, azyaşlının susdurulması prosesində bütün Marneuli polis idarəsi iştirak edir.

mənbə: interpress