Gürcüstanda sürücülük imtahanları ətrafında qalmaqal: "Vətəndaşlar qəsdən kəsilir"
Gürcüstanda sürücülük vəsiqəsi almaq istəyən vətəndaşlar imtahan prosesindəki ciddi qanunsuzluqlardan və süni maneələrdən şikayətçidirlər.
İddialara görə, imtahan verənlər dövlət büdcəsinə daha çox vəsait cəlb etmək məqsədilə "şəhər imtahanı" mərhələsində kütləvi şəkildə kəsilir.
Xeber.ge xeber verir ki,
Vətəndaşlar qeyd edirlər ki, imtahan rəhbərləri (instruktorlar) onları kəsmək üçün ağlasığmaz bəhanələr uydururlar. Şikayətçilərin sözlərinə görə, çox vaxt "ox xəttini keçdin" və ya "piyada keçidində dayandın" kimi xəbərdarlıqlar edilir. Halbuki həmin ərazilərdə nə yol nişanları, nə də xətt işarələri mövcud deyil.
"İtiraz edəndə bizə deyirlər ki, burada vaxtilə xətt olub, siz xəyali xətləri təsəvvür etməli və onu keçməməli idiniz. Hətta asfaltdakı çuxurdan qaçmaq mümkün olmayanda və maşın silkələnəndə də imtahan götürən şəxs 'diskomfort hiss etdiyi' üçün vətəndaşı imtahandan kəsir," – deyə şikayətçilərdən biri bildirib.
Digər bir ciddi iddia isə növbələrin idarə olunması ilə bağlıdır. Vətəndaşlar aylar boyu 90 lari dəyərində olan standart imtahan növbəsini ala bilmədiklərini, lakin 250 lari ödədikdə dərhal yer tapıldığını vurğulayırlar.
Onların fikrincə, 250 larilik ödənişlə imtahana daxil olmayanların vəsiqə alma şansı demək olar ki, yoxdur.
İmtahan verənlər iddia edirlər ki, instruktorlar imtahan başlamazdan əvvəl vətəndaşın neçənci dəfə imtahana gəldiyi və neçə larilik yer sifariş etdiyi ilə maraqlanırlar. Bu isə vətəndaşlarda prosesin sürücülük bacarığını yoxlamaqdan çox, büdcəni zənginləşdirməyə xidmət etdiyi barədə əsaslı şübhələr yaradır.
Hazırda məsələ ilə bağlı rəsmi qurumlardan hər hansı açıqlama verilməyib.
Sosial şəbəkələrdə sürücülük vəsiqəsi almaq istəyənlərin genişmiqyaslı etiraz dalğası davam edir.