Gürcüstan parlamenti "Qrantlar haqqında" qanuna düzəlişləri təsdiqlədi

Apr 15, 2026 - 19:58
 0  18
Gürcüstan parlamenti "Qrantlar haqqında" qanuna düzəlişləri təsdiqlədi

Gürcüstan parlamenti sürətləndirilmiş qaydada "Qrantlar haqqında" qanuna təklif olunan dəyişiklikləri ikinci və üçüncü oxunuşda qəbul edib. Yeni qaydalar qrant anlayışına və bəzi təşkilatların fəaliyyətinə dair mühüm məhdudiyyətləri və istisnaları müəyyən edir.

Xeber.ge xeber  verir ki, qanunvericilikdə edilən əsas dəyişikliklər qrantların təyinatı ilə bağlıdır.

  Yeni dəyişikliyə əsasən, Gürcüstanda akkreditə olunmuş diplomatik nümayəndəliklər, konsulluq idarələri və beynəlxalq təşkilatların nümayəndəlikləri tərəfindən verilən vəsaitlər müəyyən hallarda qrant hesab edilməyəcək. Söhbət xarici dövlət hakimiyyətinin və ya xarici siyasi partiyanın siyasi/ictimai maraqlarından, yanaşmalarından və ya münasibətlərindən irəli gələn fəaliyyətlərə yönəldilmiş vəsaitlərdən gedir.

  Qanuna edilən düzəlişlər bəzi təşkilatları və maliyyə institutlarını bu məhdudiyyətlərdən azad edir:

 "Gürcüstan Qırmızı Xaç Cəmiyyəti haqqında" qanunla nəzərdə tutulmuş təşkilatın həm aldığı, həm də verdiyi qrantlara bu qaydalar şamil olunmayacaq.

  Bank və digər maliyyə-kredit təşkilatları tərəfindən verilən qrantlar da yeni məhdudiyyətlərdən kənarda qalır.

Qeyd edək ki, qanun layihəsinin sürətləndirilmiş qaydada qəbulu qrant vəsaitlərinin şəffaflığının artırılması və onların siyasi məqsədlər üçün istifadəsinin qarşısının alınması məqsədi daşıyır.