Gürcüstan-Rusiya sərhədindəki “neytral zonada” ukraynalı özünə xəsarət yetirib- Video
Gürcüstan-Rusiya sərhədində, Gürcüstanın “Dariali” və Rusiyanın “Zemo Lars” sərhəd-keçid məntəqələri arasında yerləşən “neytral zonada” olan ukraynalılardan biri etiraz əlaməti olaraq boğazını kəsərək özünə xəsarət yetirib.
Onlarla ukraynalı bir neçə gündür bu ərazidə dözülməz şəraitdə qalır. Onlar əvvəlcə Rusiya tərəfindən deportasiya olunub, sonra Gürcüstan sərhədinə gətirilib və orada buraxılıb. Lakin lazımi sənədləri olmadığı üçün onları Gürcüstana da buraxmırlar.
Yayılan videolarda ukraynalıların Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşlarından xahiş etdiyi görünür: ya onlara uyğun şərait yaradılsın, ya da bildirilsin ki, bu dözülməz şəraitdə nə qədər qalmalı olacaqlar və nə vaxt Gürcüstanı tərk etməyə imkan veriləcək.
BBC-nin məlumatına görə, təxminən bir ay əvvəl, iyun ayında Ukrayna vətəndaşlığını təsdiq edən sənədləri olan 30 nəfər ukraynalı Tbilisi aeroportundan Gürcüstan hüquq-mühafizə orqanları tərəfindən Moldova istiqamətinə göndərilib. Onlar Kişinyova çatdıqdan sonra avtobusla Odessaya yola salınıblar. Bu proses Ukrayna, Moldova və Gürcüstan arasında razılaşdırılmış şəkildə baş tutub və məqsəd digər ukraynalıların da bu şəkildə vətənə qaytarılması idi.
Hazırda “Lars” sərhəd-keçid məntəqəsində olan ukraynalıların BBC-yə verdiyi məlumata görə, ikinci mərhələdə daha üç ukraynalının göndərilməsi planlaşdırılmışdı. Lakin yola düşməyə bir neçə gün qalmış Gürcüstan tərəfi onlara bildirib ki, Moldova bu şəxsləri qəbul etməkdən imtina edib.
Bu məsələ ilə bağlı nə Moldova, nə də Ukrayna tərəfindən rəsmi açıqlama verilməyib. BBC-nin danışdığı “Ukraynalı məhbusların müdafiəsi” təşkilatının nümayəndəsi Anna Skripka imtinanın mümkün səbəblərini izah edib. Skripkanın sözlərinə görə, Gürcüstan tərəfi ukraynalıları hava limanına qədər gətirib və polis nəzarətində Moldovaya uçublar. Lakin Kişinyova çatdıqdan sonra onlar sadəcə avtobusa mindirilərək Odessaya sərbəst şəkildə yola salınıblar. Onun məlumatına əsasən, dörd ukraynalı Moldova sərhədini keçməyib və orada qalıb – bu isə onların hüququnda deyildi. Hüquq müdafiəçisi hesab edir ki, Moldova tərəfinin imtinasının səbəbi də məhz bu ola bilər.
Gürcüstan Daxili İşlər nazirinin müavini Aleksandre Daraxvelidze bildirib ki, Gürcüstan bu şəxslərin vətənlərinə qaytarılmasına yardım göstərməyə hazırdır – yetər ki, Ukrayna və Moldova bu barədə razılığa gəlsinlər:
“Ukrayna tərəfindən Moldova ilə danışıqlar aktiv şəkildə davam edir. Çünki bu şəxslərin quru yoluyla geri qaytarılması mümkündür. Son vaxtlar bu üsulla 40-a yaxın şəxs artıq Ukraynaya qayıdıb. Lakin proses müəyyən qədər dayanıb. Ukrayna tərəfinin bildirdiyinə görə, Moldova bu şəxslərin keçidinə qarşı çıxır, amma danışıqlar hələ də davam edir. Razılaşma əldə edilən kimi Gürcüstan Dariali keçid məntəqəsində olan ukraynalıların vətənlərinə qayıtmasına yardım etməyə hazırdır”, – deyə Daraxvelidzenin sözlərini “Rustavi 2” yayıb.
“Dariali” keçid məntəqəsinin rəis müavini Luka Paatiaşvili isə bildirib ki, hazırda sərhəd yaxınlığında təxminən 80 nəfər var. Onların bir hissəsinin isə ümumiyyətlə lazımi sənədləri yoxdur və hətta Ukrayna vətəndaşı olub-olmadıqlarını dəqiq demək çətindir.
mənbə: marneulifm