Gürcüstanda keçmiş infrastruktur nazirinin müavini həbs edilib

Oct 30, 2025 - 23:06
 0  7
Gürcüstanda keçmiş infrastruktur nazirinin müavini həbs edilib

Gürcüstanın regional inkişaf və infrastruktur nazirinin keçmiş müavini Koba Qabuniya vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə həbs edilib və keçmiş nazir İrakli Karseladzenin evində axtarış aparılıb.

Bu barədə Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin rəis müavini İya Axalaya brifinqdə bildirib.

"Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları ilə birgə keçirilmiş əməliyyat çərçivəsində Maliyyə Nazirliyinin İstintaq Xidməti Gürcüstanın regional inkişaf və infrastruktur nazirinin keçmiş müavini, Gürcüstanın Bələdiyyə İnkişaf Fondunun kuratoru olan Koba Qabuniyanı dövlət siyasi məmuru tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə saxlayıb", - o bildirib.

Tədbirlər kompleksi çərçivəsində 20 müxtəlif yerdə, o cümlədən Qabuniya, Karseladze və digərlərinin evlərində axtarışlar aparılıb.

Daha əvvəl Gürcüstanın Bələdiyyə İnkişaf Fondunun keçmiş icraçı direktoru David Tabidze fondun proqram rəhbəri və layihə rəhbəri ilə birlikdə saxlanılıb. Onlar istintaqla tam əməkdaşlıq ediblər və məhkəmə onların girov müqabilində azadlığa buraxılmaları barədə qərar verib.

"İctimaiyyətə o da məlumdur ki, "Lagi Capital" MMC-nin rəhbərləri 30 uşaq bağçasının bərpası üçün Bələdiyyə İnkişaf Fondundan ayrılan 9 365 801 lari məbləğində pulu mənimsəməkdə və 1 211 000 lari məbləğində qanunsuz gəlirləri leqallaşdırmaqda ittiham olunaraq həbs ediliblər", - Axaliya qeyd edib.

mənbə: report