Gürcüstanda şəhərlərarası marşrutlara yeni tələblər
Gürcüstan hökuməti daxili sərnişindaşıma sektorunda təhlükəsizlik qaydalarını kəskin şəkildə sərtləşdirir.
Xeber.ge xəbər verir ki, Baş nazirin parlamentə təqdim etdiyi hesabat sənədində ölkədaxili müntəzəm sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrinə dair yeni və məcburi qaydalar elan olunub.
Rəsmi sənədə əsasən, sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi, yol-nəqliyyat hadisələrinin azaldılması və avtomobil nəqliyyatı sahəsində sağlam rəqabət mühitinin yaradılması məqsədilə 2027-ci il martın 1-dən etibarən daxili müntəzəm sərnişindaşıma həyata keçirən bütün mikroavtobus və avtobusların taxoqraf və sürət məhdudlaşdırıcı cihazlarla təchiz edilməsi mərhələli şəkildə məcburi olacaq.
Hesabat dövründə şəhərlərarası sərnişindaşıma və avtovağzal sistemində islahatların fəal şəkildə davam etdirildiyi qeyd olunur.
İslahatlar çərçivəsində hazırda ölkədaxili müntəzəm marşrutlarda çalışan fiziki və hüquqi şəxslərin xüsusi icazə sənədləri ilə təmin edilməsi (lesenziyalaşdırılması) və mövcud avtovağzalların beynəlxalq standartlara uyğun sertifikatlaşdırılması prosesi aparılır.
Hökumətin hesabatında nəqliyyat vasitələrinin dövri texniki baxışı prosesinə dövlət nəzarətinin gücləndirilməsi məsələsinə də toxunulub. Məlumata görə, 2025-ci ilin iyun ayından etibarən texniki təftiş mərkəzlərinin monitorinqi kəskinləşdirilib.
Bundan əlavə, yeni islahat dalğası çərçivəsində L kateqoriyalı nəqliyyat vasitələrinin — yəni motosiklet, trisikl və kvadrosikllərin də məcburi dövri texniki baxışa cəlb edilməsi üçün müvafiq normativ aktların layihələri hazırlanır.
Yaxın gələcəkdə iki və dördtəkərli kiçik motorlu vasitələrin də texniki sazlığı dövlət tərəfindən ciddi şəkildə yoxlanılacaq.