Gürcüstanda hava kəskin pisləşəcək: 6 ballıq fırtına, güclü qar və sel gözlənilir

Feb 17, 2026 - 14:14
 0  23
Gürcüstanda hava kəskin pisləşəcək: 6 ballıq fırtına, güclü qar və sel gözlənilir

Gürcüstan Milli Ətraf Mühit Agentliyi yaxın saatlarda ölkə ərazisində hava şəraitinin kəskin pisləşəcəyi ilə bağlı əhaliyə xəbərdarlıq edib.

Xeber.ge xəbər verir ki, fevralın 18-i günün sonundan fevralın 19-u günün sonunadək ölkədə güclü yağıntı, bəzi yerlərdə intensiv yağış, qərbdən isə şiddətli külək gözlənilir. Qara dəniz sahillərində fırtınanın gücünün 4-6 bala çatacağı proqnozlaşdırılır.

Yüksək dağlıq rayonlarda güclü qar yağacağı, duman, çovğun və qar uçqunu təhlükəsinin olacağı bildirilir. Qeyd olunub ki, əlverişsiz hava şəraiti — görmə məsafəsinin azalması və yolların buz bağlaması səbəbindən magistral yolların bəzi hissələrində nəqliyyatın hərəkətinə məhdudiyyətlər qoyula bilər.

Agentlik həmçinin xəbərdarlıq edir ki, güclü yağıntılar çaylarda suyun səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına, Qərbi Gürcüstanın kiçik çaylarında daşqınlara səbəb ola bilər. Dağlıq və təpəlik ərazilərdə isə sürüşmə və sel proseslərinin aktivləşməsi ehtimalı var (təhlükə səviyyəsi orta qiymətləndirilir).