Gürcüstan DİN: Batumidə Rusiya vətəndaşı narkotik alverinə görə saxlanılıb

Mar 6, 2026 - 13:39
 0  18
Gürcüstan DİN: Batumidə Rusiya vətəndaşı narkotik alverinə görə saxlanılıb

Gürcüstan Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin Acarıstan Baş İdarəsinin əməkdaşları tərəfindən Batumi şəhərində irimiqyaslı əməliyyat keçirilib.

Xeber.ge xəbər verir ki, əməliyyat nəticəsində külli miqdarda narkotik vasitələrin qanunsuz alqı-satqısında və realizasiyasında şübhəli bilinən Rusiya Federasiyası vətəndaşı saxlanılıb.

DİN-in rəsmi məlumatında bildirilir ki, 1990-cı il təvəllüdlü M.K.-nın üzərinə və müvəqqəti yaşadığı mənzilə baxış keçirilib. İstintaq eksperimenti və axtarış tədbirləri zamanı şübhəli şəxsin göstərdiyi yerlərdən satış üçün paketlənmiş 17 büküm "haşiş" və narkotik vasitələrin qablaşdırılması üçün lazım olan digər ləvazimatlar maddi sübut kimi götürülüb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsinin 2-ci və 5-ci ("a" bəndi) hissələri (külli miqdarda narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanılması və satışına köməklik göstərilməsi) ilə cinayət işi başlanılıb.

İstintaq davam edir. Törədilən cinayət əməlinə görə Rusiyanın saxlanılan vətəndaşını 20 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.