DTX-nin Xüsusi Tapşırıqlar Departamentinə aid siyahılar sızdırıldı – adlar və fotolar yayıldı

Oct 2, 2025 - 15:29
 0  41
DTX-nin Xüsusi Tapşırıqlar Departamentinə aid siyahılar sızdırıldı – adlar və fotolar yayıldı

Sosial şəbəkələrdə Dövlət Təhlükəsizlik Xidmətinin Xüsusi Tapşırıqlar Departamentinin  strukturuna aid olduğu iddia edilən siyahılar yayılıb.

Paylaşılan məlumatlara görə, siyahıda həm ehtimal olunan dağıdıcı dəstələrin, həm də idarə heyətinin əməkdaşlarının adları yer alır.

Vətəndaş fəalları bildirirlər ki, siyahılar adbaad açıqlanır və yaxın zamanda yeni adların da əlavə olunacağı gözlənilir.

Sənəddə 4 oktyabr aksiyası ilə bağlı qüvvələrin yerləşdirilməsi, xüsusi təyinatlıların funksiyaları, istifadə olunacaq avadanlıqlar və risklərin qiymətləndirilməsi təsvir olunub.

"Milli Hərəkat”ın liderlərindən biri, İrakli Nadiradze bildirib ki, siyahıların sıravi əməkdaşların vasitəsilə sistemdən sızdırılması istisna deyil.

Onun sözlərinə görə, bu, o deməkdir ki, sistemin daxilində sıravi əməkdaşlar kömək istəyirlər: “Onlar da artıq hökumətin tapşırdığı qanunsuz əmrləri icra edib alçaldılmaq istəmirlər.”

Nadiradze vurğulayıb ki, fakt budur – bir tərəfdə hökumətin güc strukturlarında qorunan yüksəkçinli rəsmiləri var, digər tərəfdə isə sıravi polislər, hansılar ki, həyatları sadə vətəndaşlar kimi çətinləşib. Onun sözlərinə görə, bu səbəbdən də belə məlumatların məhz sıravilər tərəfindən yayılması mümkündür:

“Göründüyü kimi, bütün güc strukturlarının bazaları çıxarılıb. Bu, yalnız bir şey deməkdir – sıravi əməkdaşlar kömək istəyirlər. Onlar da alçaldılmaq istəmirlər, onlar da artıq elə rəhbərlər istəmirlər ki, Ançuxelidzeni və müharibə qəhrəmanlarını təhqir etsinlər. Bu isə bir şeyi göstərir – sistem başdan-ayağa çöküb, güc strukturları tam çöküb. Əgər İvanişvili 5 min xüsusi təyinatlıya ümid edirsə, bilməlidir ki, onlardan cəmi 200-300 nəfər sona qədər onunla qalacaq”, – deyə İrakli Nadiradze bildirib.

Murtaz Zodelava isə sistemdən sızan məlumatları “sistemin içindən gələn səs” adlandırıb və bildirib ki, artıq bu səs çox aydın eşidilir:

“Belə sənədləri heç kim əldə edə bilməz, əgər onları sistemin içindən kimsə çıxarmayıbsa. Bu, sistemin səsidir, Xüsusi tapşırıqlar departamentinin səsidir, DİN-in səsidir, sıravi əməkdaşların səsidir. Onlar da İvanişvilinin gürcü xalqının əzilməsində iştirak etmək istəmirlər. Hamı gəlsin 4 oktyabrda, çox olun ki, heç kim bizə bu əmrləri verməyə cəsarət etməsin. Heç kim düşünməsin ki, biz nə vaxtsa gürcü xalqına qarşı çıxacağıq”, – deyə o bildirib.

Qeyd edək ki, bu gün sistemdən xüsusi tapşırıqlar departamentinə bağlı xüsusi təyinatlıların adları və fotoları sızıb. Aktivistlərin məlumatına görə, söhbət qanlı hadisələrin arxasında dayanan şəxslərdən gedir. Səhərdən etibarən yalnız Dövlət Təhlükəsizlik Xidmətində (SUS) saxlanmalı olan fayllar sosial şəbəkələrdə yayılıb və vətəndaşlar çoxlarını tanıyıblar.

Hazırda siyahının yalnız bir hissəsi yayılıb. Məlumatları sosial şəbəkəyə yükləyən Levan Beseliya isə elan edib ki, lüstrasiya prosesi başlayıb və tezliklə bütün adlar ictimaiyyətə açıqlanacaq.

mənbə: interpress