Bidzina İvanişvili Azərbaycan Prezidenti İlham Əliyevi qəbul edib-VİDEO

Apr 6, 2026 - 19:29
 0  23

"Gürcü Arzusu" partiyasının fəxri sədri Bidzina İvanişvili Gürcüstanda rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi və nümayəndə heyətini özünün biznes mərkəzində qəbul edib.

Xeber.ge xeber  verir ki, partiyanın yaydığı bəyanatda görüşün səmimi və dostluq şəraitində keçdiyi bildirilir.

  Görüşdə Gürcüstanın Baş naziri İrakli Kobaxidze, İqtisadiyyat və Dayanıqlı İnkişaf naziri Mariam Kvrivişvili, Xarici İşlər naziri Maka Boçorişvili, Hökumət Administrasiyasının rəhbəri Levan Jorjoliani və Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zurab Pataridze iştirak ediblər.

  Bidzina İvanişvili İlham Əliyevə məhsuldar səfərinə görə təşəkkür edib və Gürcüstan-Azərbaycan dostluğunun ən yüksək səviyyədə olduğunu vurğulayıb. O qeyd edib ki, bu münasibətlər hər iki ölkənin milli maraqlarına xidmət edir.

İvanişvili həmçinin regional sabitliyin qorunmasında Azərbaycanın rolunu yüksək qiymətləndirib:

"Təhlükəsizlik çağırışları ilə dolu olan bir mühitdə siyasi rəhbərlərin sülh və iqtisadi inkişafı qorumaq üçün maksimum səy göstərmələri həyati əhəmiyyət kəsb edir."

  Görüşdə Bakı-Tbilisi-Qars dəmir yolu xətti kimi mühüm layihələrin regional əlaqələrin təmin olunmasında açar rol oynadığı qeyd edilib. Enerji sektorunda sıx tərəfdaşlıq, tranzit dəhlizinin potensialının maksimum mənimsənilməsi və Gürcüstanın Azərbaycan investisiyaları üçün açıq olması məsələləri müzakirə edilib.

  Prezident İlham Əliyev səmimi qəbula görə minnətdarlığını bildirərək Gürcüstanın investisiyalar üçün ən cəlbedici və sabit ölkələrdən biri olduğunu vurğulayıb. Dövlət başçısı Azərbaycanın təbii resurslarının ixracı prosesində Gürcüstanın aktiv iştirakını və enerji dəhlizinin əhəmiyyətini xüsusi qeyd edib. İlham Əliyev regionda sülh və sabitliyin qorunması üçün birgə işin davam etdiriləcəyini təsdiqləyib.

Bununla da Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana rəsmi səfəri başa çatıb.