Gürcüstanda "prava" imtahanlarında səhv etmək limiti artır
Gürcüstan Daxili İşlər Nazirliyinin Xidmət Agentliyi sürücülük vəsiqəsi almaq istəyən namizədlər üçün həm nəzəri (teoretik), həm də praktiki imtahanların qaydalarında mühüm dəyişikliklər edib.
Xeber.ge xəbər verir ki, nazirliyin yaydığı rəsmi məlumata görə, yeniliklər namizədlərin işini əhəmiyyətli dərəcədə yüngülləşdirəcək.
Dəyişikliklərə əsasən, imtahan qaydalarında aşağıdakı əsas yeniliklər tətbiq olunur:
"B" kateqoriyası üzrə sürücülük vəsiqəsi almaq üçün nəzəri imtahana girən namizədlərə əvvəllər maksimum 3 səhv etməyə icazə verilirdisə, yeni qaydaya əsasən bu limit 5 səhvə qaldırılıb. Bu isə o deməkdir ki, imtahanda təqdim olunan 30 sualdan 25-nə düzgün cavab yazan şəxs mərhələni uğurla keçmiş sayılacaq.
Praktiki imtahanın birinci mərhələsini (meydança imtahanını) uğurla başa vuran namizədlər ikinci mərhələyə- şəhər imtahanına çıxmaq üçün heç bir icbari müddət gözləmədən, Agentliyin struktur bölmələrində istədikləri tarixi dərhal rezervasiya edə biləcəklər.
Sürücülük vəsiqəsi imtahanlarının keyfiyyətini və gedişatını yaxşılaşdırmaq məqsədilə Batumi və Qori şəhərlərində tətbiq olunan şəhəriçi imtahan marşrutlarının trayektoriyasında müvafiq dəyişikliklər edilib.
Daxili İşlər Nazirliyinin açıqladığı daha bir mühüm dəyişiklik isə bu ilin 15 iyun tarixindən etibarən qüvvəyə minəcək. Mövcud qaydalara görə, "B" kateqoriyası üzrə şəhər imtahanında 12-ci "yüngül səhv" avtomatik olaraq imtahanın dayandırılması və uğursuz nəticələnməsi (ağır səhv) mənasına gəlirdi.
Yeni qərarla isə namizədlərə 14 yüngül səhv etmək hüququ veriləcək, yalnız 15-ci səhvdən sonra imtahan dayandırılacaq.
Agentlik bu islahatların sürücülük vəsiqəsi almaq prosesini daha şəffaf və əlçatan etmək məqsədi daşıdığını bildirib.