Xaricdəki "kriminal avtoritet" biznesi necə hədələyirdi?

Jun 17, 2026 - 19:29
 0  24
Xaricdəki "kriminal avtoritet" biznesi necə hədələyirdi?

"Kriminal avtoritet" Elmuraz Məmmədovun rəhbərlik etdiyi qruplaşmanın Gürcüstanda biznesi hansı sxemlə hədələdiyi və xərac topladığı barədə yeni detallar məlum olub.

Vəkilin verdiyi məlumata görə, iş materiallarında telefon danışıqlarının yazıları və polis əməkdaşlarının ifadələri yer alır.

XEBER.GE xəbər verir ki, ölkədə olmayan və barəsində qiyabi ittiham irəli sürülən Elmuraz Məmmədovun vəkili "Tv Pirveli"yə açıqlamasında hələlik müvəkkili ilə əlaqə saxlaya bilmədiyini və onun rəsmi mövqeyinin naməlum olduğunu bildirib:

"Mənim müvəkkilim 'oğru dünyası'na üzv olmaqda ittiham edilir. O, Gürcüstanda deyil və buna görə də ittiham qiyabi verilib. Hazırda onun əleyhinə yalnız gizli telefon yazıları və polislərin ifadələri var, işdə konkret zərərçəkmiş şəxs qeyd olunmayıb", — deyə vəkil vurğulayıb.

Tbilisi, Şida Kartli və Kvemo Kartli bölgələrində keçirilən irimiqyaslı əməliyyat zamanı saxlanılan 21 nəfərlə bağlı aparılan istintaq çərçivəsində daha dəhşətli faktlar üzə çıxıb.

Məlum olub ki, bölgələrdə baş verən bəzi ev yandırma hadisələrinin arxasında birbaşa elə "qanuni oğrular" və onların tapşırıqları dayanıb.

İstintaq sənədlərinə və prokurorluğun yaydığı məlumatlara əsasən, cinayətkar qruplaşma aşağıdakı sxem üzrə fəaliyyət göstərib:

·         "Oğru qanunları" ilə müdaxilə: Gürcüstandakı iş adamları və fərdlər arasında yaranan maliyyə mübahisələrini həll etmək bəhanəsi ilə qruplaşma üzvləri prosesə müdaxilə edib və qondarma "oğru mühakimələri" təşkil ediblər.

·         Xaricdən birbaşa idarəetmə: Ölkə xaricində olan kriminal avtoritet Elmuraz Məmmədov bu proseslərə birbaşa qoşulub və qərarlar verib.

·         Milyonluq tələblər və xərac: Məmmədov Gürcüstandakı əlaltıları vasitəsilə sahibkarlara öz bizneslərindən həm şəxsi mənfəət, həm də "oğru dünyası"nın büdcəsi üçün külli miqdarda pul ödəməyi tapşırıb və bunun üçün konkret vaxt təyin edib.

·         Ölümlə hədələmə: Təyin olunmuş müddətdə tələb olunan xəracı ödəməyən və ya gecikdirən biznesmenlər fiziki zorakılıq, əmlakın məhv edilməsi və ölümlə hədələniblər.

Xatırladaq ki, əməliyyat zamanı qruplaşma üzvlərindən "oğru obşakı" üçün yığıldığı iddia olunan 62 min dollardan çox nağd pul, silahlar və lüks idman avtomobilləri müsadirə olunub. İş üzrə təqsirləndirilən şəxsləri 15 ilədək həbs cəzası gözləyir.