Üzün maska ilə örtülməsi və yolun kəsilməsi 15 günədək inzibati həbslə cəzalandırılacaq

Oct 13, 2025 - 22:50
Oct 13, 2025 - 22:52
 0  41
Üzün maska ilə örtülməsi və yolun kəsilməsi 15 günədək inzibati həbslə cəzalandırılacaq

Aksiyada üzün maska ilə örtülməsi və yolun kəsilməsi ilk hallarda 15 günədək inzibati həbslə cəzalandırılacaq .

Xeber.ge xeber  verir ki, "Gürcü Arzusu" İnzibati Xətalar və Cinayət məcəllələrinə dəyişikliklər edir.

15 günədək həbslə cəzalandırılacaq yığıncaq və ya nümayiş iştirakçısı:

  • Üzünü "maska və ya hər hansı digər vasitə ilə" örtərsə;

  • "Gözyaşardıcı, sinir-iflic təsirli və/və ya zəhərləyici maddəyə" sahib olarsa;

  • Qəsdən "insanların və ya nəqliyyatın hərəkəti üçün maneələr" yaradarsa;

  • Təşkil edərsə müvəqqəti konstruksiya, hansının ki, quraşdırılması "yığıncaq və ya nümayiş iştirakçıları və ya digər şəxslər üçün təhlükə yaradır, polisin ictimai asayişi və təhlükəsizliyi qorumasına mane olur".

Əgər hüquqpozucu təşkilatçı sayılarsa, ona 20 günədək inzibati həbs təhlükəsi var.

"Yığıncaq və ya nümayiş iştirakçısı tərəfindən üzün maska ilə örtülməsi, gözyaşardıcı və ya zəhərləyici maddəyə sahib olunması, eləcə də yolun kəsilməsi və ya müvəqqəti konstruksiyanın quraşdırılması ilk halda 15 günədək müddətə inzibati həbsə, hüquqpozucu təşkilatçı olduğu halda isə 20 günədək müddətə inzibati həbsə səbəb olacaq," - İvanişvilinin nümayəndəsi İrakli Kirtxaliya brifinqdə bildirib.

Bununla yanaşı, Daxili İşlər Nazirliyinin tələbi ilə dayandırılmalı olan nümayişdə iştirak etmək 60 günədək inzibati həbsə səbəb olacaq.

"DİN-in tələbi ilə dayandırılmalı olan yığıncaq və ya nümayişdə iştirak etmək ilk halda 60 günədək müddətə inzibati həbsə səbəb olacaq. Həmçinin, yığıncaq zamanı silah, pirotexnika və ya başqa şəxslərin həyatı və sağlamlığına zərər vurmaq üçün istifadə edilə biləcək əşya gəzdirən şəxsə 60 günədək müddətə inzibati həbs cəzası veriləcək," - Kirtxaliya bəyan edib.

Onun sözlərinə görə, "bu cür qadağan olunmuş əməllərin təkrar törədilməsi 1 ilədək müddətə cinayət məsuliyyətinə səbəb olacaq. Üçüncü və hər növbəti eyni qanunsuz hərəkət isə 2 ilədək müddətə azadlıqdan məhrumetməyə səbəb olacaq."

Dəyişikliklərə əsasən, polisi üçüncü dəfə təhqir edən və ya onun sərəncamına tabe olmayan şəxsə 1 ilədək həbs cəzası veriləcək.

"Cinayət Məcəlləsinə yeni bir maddə əlavə olunur ki, buna görə də hüquq-mühafizə orqanının əməkdaşını üçüncü dəfə təhqir edən və ya onun qanuni sərəncamına tabe olmayan şəxs cinayət məsuliyyətinə cəlb ediləcək. Həmin şəxsə bir ilədək, residiv halında isə iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası veriləcək. Bununla yanaşı, başqa növ cəza tətbiq olunmayacaq," - İrakli Kirtxaliya bildirib.