Tsalka və Tetritskaroda təbii fəlakət-VİDEO
Tsalka və Tetritskaro bələdiyyələrində baş verən güclü dolu və yağış yerli əhaliyə böyük miqdarda ziyan vurub.
Xüsusilə Tsalkanın Xareba kəndində vəziyyətin daha ağır olduğu, kənd təsərrüfatı bitkilərinin böyük hissəsinin tamamilə məhv olduğu bildirilir.
XEBER.GE xəbər verir ki, təbii fəlakət bölgədə həm infrastrukturda, həm də əkin sahələrində fəsadlar törədib.
Güclü dolu Tsalka ilə yanaşı, Tetritskaro bələdiyyəsinin də bir neçə kəndində qeydə alınıb. Təbii fəlakət nəticəsində əkinlər, meyvə bağları və kənd təsərrüfatı sahələri yararsız hala düşüb, çoxillik əkmələr ciddi zədələnib.
Aramsız yağan güclü yağışlar səbəbindən kəndlərdə küçələr, yaşayış evlərinin birinci mərtəbələri, zirzəmiləri və həyətyanı sahələri su altında qalıb.
Sakinlərin şəxsi təsərrüfatlarına və torpaq sahələrinə ciddi ziyan dəyib.
Hazırda dəymiş ziyanın dəqiq miqyası hələlik müəyyən edilməyib. Aidiyyəti dövlət qurumlarının əməkdaşları və xüsusi komissiya hadisə yerində fəsadların aradan qaldırılması və vəziyyətin qiymətləndirilməsi istiqamətində iş aparır.