Gürcüstanda dövlət məktəbləri üçün vahid geyim formalarını Çin şirkəti tikəcək

Jun 20, 2026 - 13:27
 0  19
Gürcüstanda dövlət məktəbləri üçün vahid geyim formalarını Çin şirkəti tikəcək

Gürcüstanın Elm və Təhsil Nazirliyi dövlət məktəbləri üçün məktəbli formalarının tikilməsinə dair Çində fəaliyyət göstərən "Glory Textile Industry" şirkəti ilə müqavilə imzalayıb.

XEBER.GE xeber  verir ki, bu barədə qurumun yaydığı məlumatda bildirilir.

2026-2027-ci tədris ilindən başlayaraq ibtidai sinif şagirdləri üçün məktəbli formasının geyilməsi məcburi olacaq. Təhsil Nazirliyinin məlumatına görə, şirkət ümumilikdə 1,8 milyon ədəd məktəbli forması tikəcək və çatdırılma üç mərhələdə həyata keçiriləcək.

Bu, məktəbləri vahid geyim forması ilə təmin etmək üçün edilən artıq ikinci cəhddir. Yazda keçirilən tenderdə ən aşağı qiymət təklif edən şirkət qalib gəlsə də, sonradan gözlənilmədən müqavilədən imtina etmişdi.

 Bundan sonra hökumət layihənin limitini 45,6 milyon lariyə (17 milyon dollardan çox) qaldırıb və satınalmanın sadələşdirilmiş prosedurla həyata keçirilməsinə icazə verib. Çin şirkəti ilə bağlanan müqavilənin dəqiq dəyəri isə açıqlanmır.

Nazirliyin planına əsasən, ölkədə sentyabrın 15-də başlayacaq yeni dərs ilinin açılışına qədər bütün birinci sinif şagirdləri məktəbli forması ilə təmin olunacaq.

Birinci semestr ərzində isə ikinci sinifdən altıncı sinfə qədər olan şagirdlərə formalar paylanacaq.

Gələcəkdə Təhsil Nazirliyi vahid məktəbli formasını dövlət məktəblərinin bütün sinifləri üçün məcburi etməyi planlaşdırır. Formanın valideynlərə neçəyə başa gələcəyi hələlik açıqlanmır. Məktəbli formalarını xüsusi ixtisaslaşdırılmış mağazalardan almaq mümkün olacaq.

Gürcüstandakı məktəbli formaları göy rəngdə olacaq: oğlanlar üçün pencək və şalvar, qızlar üçün isə pencək və yubka nəzərdə tutulub. Bu zaman qızlar həm midi, həm də maksi uzunluqda yubka seçmək hüququna malik olacaqlar.

Təhsil Nazirliyinin qənaətinə görə, vahid geyim formasının tətbiqi məktəblərdə daha bərabərhüquqlu, sağlam və nizam-intizamlı tədris mühitinin yaradılmasına, həmçinin şagirdlər arasındakı sosial fərqliliyin azaldılmasına kömək edəcək.