İnterpolun "Qırmızı bülleten"lə axtardığı şəxs Gürcüstandan İtaliyaya ekstradisiya edilib
Gürcüstan Baş Prokurorluğunun yaydığı məlumata görə, İnterpol tərəfindən beynəlxalq axtarışa verilmiş və İtaliya hüquq-mühafizə orqanları tərəfindən qanunsuz miqrasiyanın təşkili və kriminal qruplaşmada iştirakda ittiham olunan şəxs Gürcüstandan İtaliyaya ekstradisiya olunub.
XEBER.GE xeber verir ki,
Aparılan istintaqla müəyyən edilib ki, sözügedən şəxs 2011-2019-cu illər ərzində mütəşəkkil cinayətkar dəstənin tərkibində miqrantların Türkiyə və Yunanıstan ərazisindən keçməklə İtaliya Respublikasına qanunsuz daşınmasında iştirak edib.
Kriminal şəbəkə daxilində onun əsas funksiyalarına bunlar daxil olub:
Pul köçürmələri ilə bağlı məsələlərin təşkili;
Vətəndaşların dəniz nəqliyyatı sürücüləri (kapitanlar) qismində cinayətkar qruplaşmaya cəlb edilməsi;
Həmin şəxslərin hazırlanması və naviqasiya məsələlərinin koordinasiyası.
Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən ölkə ərazisində saxlanılan şəxsin İtaliyaya ekstradiasiyası Tbilisi Şəhər Məhkəməsinin qərarı ilə hüquqi cəhətdən icazəli hesab edilib.
2026-cı il iyunun 10-da Gürcüstanın Ədliyyə naziri axtarışda olan şəxsin İtaliyaya təhvil verilməsi barədə rəsmi əmr imzalayıb.
Bundan sonra o, Xüsusi Penitensiar Xidmətin əməkdaşları tərəfindən İtaliyanın səlahiyyətli orqanlarının nümayəndələrinə təhvil verilib.
Prokurorluq bəyan edib ki, həmin mütəşəkkil cinayətkar dəstənin digər bir lideri də İtaliyaya ekstradisiya edilməsi məqsədilə Gürcüstanda həbs olunub və hazırda onun barəsində də müvafiq hüquqi prosedurlar davam etdirilir.
Gürcüstan Baş Prokurorluğu beynəlxalq cinayətkarlıqla mübarizə və axtarışda olan şəxslərin ədalət məhkəməsi qarşısına çıxarılması istiqamətində tərəfdaş ölkələrlə uğurlu əməkdaşlığı gələcəkdə də davam etdirəcəyini vurğulayıb.