Tbilisidə urban qaydaların qorunması üçün motoinspeksiya fəaliyyətə başladı

Tbilisidə urban qaydaların və ətraf mühitin qorunması məqsədilə yeni layihə – "Motoinspeksiya" fəaliyyətə başladı. Bu barədə paytaxtın meri Kaxa Kaladze bələdiyyə hökumətinin iclasında məlumat verib.
Merin sözlərinə görə, motoinspeksiya paytaxtda turistik və tarixi zonaların, mərkəzi meydanların və prospektlərin görkəminə, ətraf mühitin çirklənməsinə və akustik səs-küyə nəzarəti, həmçinin tikinti və inzibati qanun pozuntularına operativ reaksiya verməyi həyata keçirəcək.
"Urban qaydaların qorunması və bu istiqamətdə tədbirlərin həyata keçirilməsi bizim əsas prioritetlərimizdən biridir. Bu istiqamətdə bir çox effektiv addımlar atılıb, lakin indi istəyirik ki, Tbilisinin mərkəzində, turistik və tarixi məkanlarda qaydaların qorunmasına dair tədbirləri daha səmərəli şəkildə idarə edək. Buna görə də, cəmiyyətə bələdiyyə inspektoratının yeni layihəsini təqdim edirik – bu layihə ehtiyac yarandıqda operativ reaksiya verməyi mümkün edəcək", – deyə Kaladze bildirib.
"Motoinspeksiya" Avropa standartlarına uyğun tricikllərlə, xüsusi təchizat və müasir texnologiyalarla təmin olunub. Layihənin məqsədi Tbilisini həm yerli sakinlər, həm də turistlər üçün daha səliqəli və komfortlu şəhərə çevirməkdir.
"Trisikllər urban məkanda hərəkət üçün çox effektivdir, bu da bizə daha sürətli və səmərəli şəkildə reaksiya verməyə imkan yaradır. Layihədə iştirak edən inspektor əməkdaşlar xüsusi hazırlıq kurslarında iştirak ediblər və 20 ədəd trisikl alınmışdır. Bu da layihənin uğurla həyata keçirilməsi üçün şərait yaradır", – deyə Kaladze əlavə edib.
mənbə: marneulifm